Güclü külək Qarabağ bölgəsində fəsadlar yaradıb

Bu il Qarabağ bölgəsində bağçılıqda problemlərin olacağı ehtimalı yaranıb. Buna səbəb bölgəyə yağan qar və güclü küləkdir. APA TV-nin yerli bürosundan verilən məlumata görə, Ağdam, Ağcabədi, Bərdə, Tərtər və Beyləqan rayonlarına normadan artıq qar yağıb. Bu da kənd təsərrüfatına ciddi ziyan vurub. Xüsusilə yazın ilkin mərhələsində çiçəkləyən meyvə təsərrüfatının taleyi sual altına düşüb.

Bununla yanaşı bölgənin bir çox yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb. Güclü külək elektrik dirəklərini aşırıb, naqilləri qırıb, ağacları kökündən çıxarıb. Kəndlərin bəzilərində evlərin dam örtüyünü atıb. Goranboyun dağlıq ərazilərində yerləşən yaşayış məntəqələri isə 10 sm qar altındadır. Yerli Fövqəladə Hallar Komissiyaları dəyən ziyanın miqdarını araşdırır. Hazırda kəskin hava şəraiti davam edir. 

Müəllif | Apa.Tv