Havalar soyudu, aqrar sahənin mütəxəssisləri həyəcan təbili çalır

 

Gəncə, eləcə də Qərb bölgəsinin digər əraziləri gözlənilmədən martın sonları üçün qeyri-normal sayıla bilən hava şəraiti ilə qarşılaşıb. Gecə saatlarından etibarən intensiv yağan qarın qalınlığı bəzi yerlərdə 5 santımetri ötüb. Üstəlik, havanın hərarəti kəskin soyuyaraq, martın 30-da günorta saatlarında -2 dərəcə şaxtayadək aşağı enib. Bitkilərin fəal inkişafı dövründə qış iqliminin qayıtması kənd təsərrüfatına, xüsusən də meyvəçiliyə mənfi təsir göstərəcək. Bu barədə məlumatı aqrar mütəxəssis, biologiya elmləri namizədi Kazım Hüseynov verib. Onun sözlərinə görə, martın sonunda qarın yağması və temperaturun aşağı düşməsi müəyyən illərdə də müşahidə edilib və belə dəyişkənlik kənd təsərrüfatı məhsuldarlığının aşağı düşməsinə səbəb olub. Kənd təsərrüfatı mütəxəssisi, elmlər namizədi Kazım Hüseynov deyib ki, bu cür hava şəraiti çəyirdəkli bitkilərdən ərik, şaftalı, alça üçün təhlükəli ola bilər. Çünki bu ağaclar artıq çiçəkləyiblər. Bəzi yerlərdə isə ərik ağaclarında çiçəklər mayalanmayıb. Bu da təhlükəlidir. Dəniz səviyyəsindən 200-700 metr hündürlükdə olan ərazilər də var ki, orda ağaclar hələ təzə çiçəkləməyə başlayır. O ərazilərdə də şaxtalar bitkilərin çiçəklərini məhv edə bilər. Müsahibin bildirdiyinə görə, çəyirdəkli meyvə bitkiləri şaxtalardan əziyyət çəksə də, tumlu meyvə bitkilərindən alma, armud və digərləri tumurcuq əmələ gətirmə mərhələsində olduğuna görə qarlı şəraitdən qurtula biləcəklər. Tərəvəz və dənli bitkilərə gəlincə Kazım Hüseynov deyib ki, bu hava şəraiti taxıl üçün təhlükəli ola bilməz. Çünki qar həm də örtük əmələ gətirir. Gecə saatlarında torpaqdan buxarlanan istilik bitkilərin don vurmasının qarşısını alır. Tərəvəz bitkiləri var ki, müəyyən inkişaf mərhələsindədir, yarpaqlar müəyyən qədər formalaşıb. Bu hava onlar  üçün də təhlükəli deyil. Belə havalar yalnız cücərmə dövründə olan tərəvəz bitkiləri üçün təhlükəli ola bilər Gecə don düşərsə bu bitkilərin cücərtilərinin məhv olma ehtimalı böyükdür.

 

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq respublikanın bir çox yerlərində olduğu kimi Gəncə və qərb bölgəsinin rayonalrına da qar yağmağa balayıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, ötən gün yağan yağış gecə qara çevrilib. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən bildiriblər ki, qar şəhər təsərrüfatında heç bir çətinlik yaratmayıb. Avtomobillərin hərəkətində də heç bir çətinliyə rast gəlinməyib. 

Müəllif | Apa.Tv
Azər Məmmədli