Əlverişsiz hava şəraiti Göyçayda insan ölümünə səbəb oldu

 

Göyçay rayonuna yağan güclü qar insan ölümünə səbəb olub. Rayonunun Bığır kənd sakini 1960-cı il təvəllüdlü İbrahimova Zemfira İbrahimxəlil qızı Yuxarı Şirvan kanalının üstündəki piyada körpüsündən keçərkən sürüşərək suya düşüb. Qar və yağış yağdığı üçün piyada körpüsünün üstündəki torpaq islanaraq palçığa çevrilib və qadın küləkli havada körpüdən kanala yıxılıb. Üç uşaq anası olan Zemfira İbrahimovanın meyitinin tapılması üçün hazırda axtarış aparılır. Eyni zamanda səhər saatlarından başlayaraq yağan qar kənd təsərrüfatına da ciddi ziyan vurub. Əsasən əkinçilik və meyvəçiliklə məşğul olan Ləkçıplaq kənd sakinlərinin sözlərinə görə, belə anomal hava şəraiti onların təsərrüfatına xeyli ziyan vuracaq. Mart ayının sonunda Göyçay ərazisində bu cür qarlı-şaxtalı hava şəraiti ötən əsrin 70-ci illərində qeydə alınıb. Hazırda rayonda havanın temperaturu çox aşağı düşüb və gecə saatlarında şaxta olarsa istixanalardakı pomidor və xiyar şitilləri və ağaclardakı çiçəklər tələf olacaq.

İstixanalarda faraş tərəvəzçiliklə məşğul olan kəndlilər istiliklə bağlı yanacaq tədarükünü martın əvvəlinədək gördüklərini deyən və qəflətən qar və şaxtalı havanın onları çıxılmaz vəziyyətə saldığını bildiriblər. Pomidor və xiyar şitillərini şaxta vurması təhlükəsi olduğu üçün və odun yanacağı olmadığı üçün kəndlilər əlacsız qalaraq həyətlərdəki meyvə ağaclarını kəsərək yandırırlar. Şitilxanaların saxlanılmasına küllü miqdarda vəsait sərf edən kəndlilər zəhmətlərinin hədər getməməsi və şitilləri soyuqdan qorumaq üçün çalışırlar.

Küləklə müşayiət olunan qar rayonda gilas, ərik, şaftalı və digər meyvə ağaclarının çiçək və tumurcuqlarını tələf edib. Bu meyvə ağaclarından məhsuldarlığın aşağı olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov