Ərdoğan qərargahın eyvanından tərəfdarlarına müraciət etdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahının eyvanından tərəfdarlarına müraciət edib. O, hakim partiyaya səs verənlərə təşəkkür edib, eyni zamanda müxalifəti, eləcə də, "Hizmət" hərəkatını Vətənə xəyanətdə günahlandırıb. Baş nazir "Hizmət" Hərəkatının bəzi üzvləri barəsində  hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlayıb: “Bəziləri ilə bağlı şəxsən özüm prokurorluğa müraciət etmişəm. Çünki sabahdan etibarən qaçanlar ola bilər. Mən əvvəldən də demişdim, hinlərinə girəcəyik. Onlar bu dövlətə etdiklərinin hesabını verib, bədəlini ödəyəcəklər. Bizim milli təhlükəsizliyimi necə təhdid edərlər?”

 

Baş nazir qeyd edib ki, seçkinin nəticələri “millətin siyasətdən kənar yolla Türkiyənin istiqamətinin dəyişdirilməsinə etirazını göstərdi: "Seçkinin nəticəsi kimin qazandığından daha çox kimin məğlub olduğunu müəyyən etdi. Bu gün əxlaqdan kənar, kasset, montaj, şantaj siyasəti, çirkin ittifaqlar, hədəfsiz, plansız siyasət məğlub oldu. Türkiyəyə xainlik edənlər, tam bir Osmanlı şilləsi yedilər”. 

 

Ərdoğan Türkiyəyə yeni müxalifət lazım olduğunu da bildirib. Hakim partiyanın lideri çıxışını “bu gün yeni Türkiyənin şadlıq günü, qələbə günüdür" ifadəsi ilə bitirib.

 

Müəllif | Apa.Tv
Apa.tv