Suriyadadan daha 2 ölüm xəbəri gəldi

Suriyada öldürülən azərbaycanlılardan daha iki nəfərinin kimliyi açıqlanıb. APA-nın əldə etdiyi məlumata görə, öldürülən azərbaycanlılar - “Abdulvahid” ləqəbli Zahid Nəsirov və “Rəbbani” ləqəbli Tamerlan Məmmədovdur. Onların hər ikisi snayperlə başından vurularaq öldürülüb.

Tamerlan Məmmədovun əslən Qubadlı rayonundan olduğu, Qarabağ müharibəsindən sonra Sumqayıtda məskunlaşdığı bildirilir. Zahid Nəsirov isə Sumqayıt şəhəri 18-ci mikrorayon sakinidir. Silahlılar onların fotolarını da sosial şəbəkələrdə paylaşıblar.

APA TV-nin xəbərinə görə, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək, müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə xeyli azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosunu silahlılar sosial şəbəkələrdə yayıblar. Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yayılıb.
 

Müəllif | Apa.Tv