Ukraynada prezidentliyə namizədlərin sənəd qəbulu başa çatdı

Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı namizədlərin sənəd qəbulu başa çatıb. APA TV-nin məlumatına görə, 46 vətəndaş növbədənkənar prezident seçkilərinə qatılacağı bəyan edib. Onlardan 38-i müstəqil şəkildə namizədliyini irəli sürüb, 8-i isə partiya təmsilçisidir.

 

Mərkəzi Seçki Komissiyası hələlik 7 namizədin qeydiyyatdan keçdiyi məlumatını verib. Digər namizədlərin qeydiyyatı məsələsinə aprelin 4-dək baxılacaq.

 

Qeydə alınmış namizədlər Regionlar Partiyasından, Xarkovun keçmiş qubernatoru Mixail Dobkin, Regionlar Partiyasından deputat Sergey Tiqipko, Ukrayna Yəhudiləri Konqresinin prezidenti Vadim Rabinoviç, Regionlar Partiyasından Ukraynanın keçmiş baş nazirinin müavini Yuriy Boyko, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin keçmiş müavini Renat Kuzmin, müstəqil namizəd Valeri Konovalyuk və müstəqil namizəd, biznesmen Vladimir Saranovdur.

 

Bundan başqa, UDAR partiyasının dəstəklədiyi Pyotr Poroşenko, Batkivşina fraksiyasının lideri Yuliya Timoşenko, "Azadlıq" Ümumukrayna Birliyinin sədri Oleq Tyaqnibok, keçmiş müdafiə naziri Anatoli Qritsenko və digərləri də namizədliklərinin qeydə alınmasını gözləyirlər. Ukraynada növbədənkənar prezident seçkilərinin mayın 25-də keçirilməsi planlaşdırılır. 

Müəllif | Apa.Tv