Smolnı Universitetinin prezidenti Heydər İmanovun APA TV-yə müsahibəsi

 

- Sankt-Peterburqda Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Sankt-Peterburqda bir neçə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Bizim təşkilatımızın adı isə "Sankt-Peterburqun Azərbaycan  İcması" Regional İctimai təşkilatıdır. Artıq 3-cü ildir ki, bu təşkilatın işini aparırıq. Amma 90-cı illərdən bəri diasporun işində fəal iştirak edirik. Təşkilatımız bir neçə vacib işlər görüb. Azərbaycanlıların problemi olanda bizə müraciət edirlər. Yüzlərlə məktub alırıq. Onlara cavab yazırıq, lazım gəlsə, hökumət idarələrinə müraciət edirik. Bundan başqa, iki dəfə Azərbaycandan teatr qrupu dəvət etmişik.  Bizim təşkilatın özünün də teatr truppası olacaq. Bu beynəlxalq truppa olacaq, yəni tərkibində tək azərbaycanlılar olmayacaq. Bu truppanın rəhbəri Rusiyada bir çox filmlərdə çəkilmiş İbrahim adlı gənc aktyor olacaq. Burada digər türkdilli millətlərin aktyorları da olacaq. Hazırda bu istiqamətdə iş gedir. Fərqli dillərdə danışan insanlar bir-birini başa düşmürlər. Amma mədəniyyət dili hamıya aydındır. İncəsənət bütün xalqları birləşdirir.

Bundan başqa bizim saytımız var və Azərbaycanda olan bütün yeniliklər, hadisələr orada göstərilir. Azərbaycan tarixi, Qarabağ həqiqətləri, musiqisi, incəsənəti barədə məlumatlar bu saytda yer alıb.

 

- Rusiyanın şimal paytaxtında yaşayan soydaşlarımız ölkənin ictimai-siyasi həyatında necə iştirak edirlər?

- Mənim fikrimcə, o qədər də aktiv iş getmir. Bu bizim əsas problemimizdir. Ancaq bizim Sankt-Peterburqda 3 bələdiyyə deputatımız var. Sayat Əliyev Leninqrad vilayəti parlamentinin üzvüdür. Bu özü böyük göstəricidir. Əgər Sankt-Peterburqda 150-200 min azərbaycanlı yaşayırsa, bizim orada hökumət idarələrində və parlamentə təmsilçiliyimiz olmalıdır. Amma təəssüf ki, bu sahədə vəziyyət o qədər də yaxşı deyil. Bunun da müxtəlif səbəbləri var. Biz hamımız Azərbaycan diasporunun üzvləriyik. Ayrı-ayrı təşkilatların da çox olmasının müsbət cəhətləri çoxdur. Çünki bir təşkilat bir məsələni həll edirsə, digəri başqa problemlə məşğul olur. Amma bunların arasında mütləq koordinasiya olmalıdır. Bu baxımdan bir az zəiflik hiss olunur. Yaxşı koordinasiya olan təşkilat həqiqətən də siyasi və digər problemləri həllini və onlara müdaxilə etməyi uğurla həyata keçirir. Məsələn, orada erməni diasporu çox aktiv fəaliyyət göstərir, öz adamlarını qabağa çəkir. Biz diaspor kimi son 10-15 ildə mükəmməlləşmişik. Amma digər diasporların 100 illərlə təcrübəsi var.

 

- Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin ruslara çatdırılmasında Azərbaycan diasporunun rolu nədən ibarətdir?

- Bu problem hər bir azərbaycanlının ağrısıdır. Biz hər il 20 yanvar, Xocalı faciəsini işıqlandırırıq. Həm bayramlarımızı, həm də Azərbaycanın ağır günlərini orada yada salırıq. Bunu həm internet, həm də ayrı-ayrı toplantılar vasitəsi ilə insanlara çatdırırıq. Bu işdə də bizim əsas köməkçimiz gənclərdir. Bu sahədə işlər aktiv gedir. Konsulluq da bizə dəstək göstərir. Birlikdə əlimizdən gələni edirik.

 

- Bu sahədə Azərbaycan diasporu erməni diasporuna uduzurmu?

- Erməni diasporu Sankt-Peterburqda o qədər də böyük təsir gücünə malik deyil. Orada sayca azərbaycanlılar daha çoxdur və böyük təsir imkanları var. Biz orada çox aktiv iş aparırıq. Düzdür, onlar da öz işlərini görürlər. Amma mənim fikrimcə, Azərbaycan diaspor təşkilatlarının bu işdə rolu daha güclüdür, nəinki ermənilərin. Çünki bizim təşkilat onlarınkından güclüdür. Bu faktdır.

 

- Siz Smolnı Universitetinin prezidentisiniz. Bu təhsil müəssisəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Mən 10 il Smolnı Universitetin rektoru olmuşam. Sonra orada dəyişikliklər etdik. Bizim "Elektrokeramika" şirkətimiz həmin Universitetin təsisçilərindən biridir. Digər təsisçi Rusiya Təhsil Akademiyasıdır. Amma bütün maddi təminat məsələlərini bizim holdinq həll edir. Holdinqin prezidenti kimi mən yeni rektor seçmək qərarına gəldim. Artıq cavanların fəaliyyətinə şərait yaratmaq lazımdır. Universitet qısamüddətli qurum deyil, o, yüzilliklər üçün yaranır. Ona görə də həmişə dəyişikliklər olmalıdır. Mən hazırda həmin universitetlər kompleksinin prezidentiyəm. Hazırda biz Smolnı Universitetinin ətrafında böyük bir kompleks yaradırıq. Onun tərkibində həm Smolnı İnstitutu, həm digər elmi-tədqiqat institutları, texnopark olacaq.

 

- Universitetdə Azərbaycan dili fakültəsi fəaliyyət göstərir?

- Azərbaycandan bizim universitetdə təhsil almaq istəyənlər çoxdur. Amma onların rus dilini bilməməkləri problem yaradır. 50 il əvvəl mən Leninqrada gedəndə rus dilin təmiz bilirdim, ona görə də mənim üçün instituta qəbul olmaq və rusca oxumaq çətin deyildi. İndi gələn tələbələr rus dilini zəif bilirlər. Biz əvvəlcə onlara rus dilini öyrətməli oluruq. Ona görə belə qərara gəldik ki, əvvəlcə 9 ay ərzində tələbələrə rus dilini öyrədək, sonra onları 0 qrupuna götürək. Ancaq gördük ki, bu da azdır. Qərara gəldik ki, bəzi dərsləri azərbaycanlılara elə Azərbaycan dilində tədris edək və paralel olaraq rus dilini öyrənsinlər. Bu işə Azərbaycan dilində dərs deyə biləcək müəllimləri cəlb etdik. Sankt-Peterburqda elmlə məşğul olan, elmi dərəcə almış çoxsaylı azərbaycanlılar var. Onlar müxtəlif universitetlərdə dərs deyirlər. Bizim universitetdə informasiya texnologiyaları, iqtisadiyyat, menecment, incəsənət, avtoservis fakültələri var.  

 

- Sankt-Peterburqda təxminən nə qədər azərbaycanlı tələbə təhsil alır?

- Bizim universitetdə təxminən 2500 tələbə var. Onlardan 200-ə yaxını, yəni 10 faizi azərbaycanlılardır. Bu, daha da çox ola bilər. Amma orada təhsil almaq üçün onları burada hazırlamaq lazımdır. Bu bizim üçün çətindir. Biz orada 100-ə yaxın tələbəni hazırlıq fakültələrində hazırlaya bilərik, amma onları burada hazırlamaq lazımdır. Rusiyada təhsil güclüdür, həmişə də belə olub. Ona görə, də onların orada təhsil alması Azərbaycan üçün də faydalıdır. 52 ildir ki, mən Sankt-Peterburqda yaşayıram. O vaxt bizim universitetdə tək azərbaycanlı mən idim. Amma indi onların sayı çoxdur. Bütün universitetlərdə azərbaycanlı tələbələr var. Burada təxminən 1000-dən çox azərbaycanlı tələbə təhsil alır. Rusiyada məskən salmış, son 25 ildə mövqe tutub, elmlə məşğul olan azərbaycanlılar da çoxdur. Bizim orada 8 əməkdar elm xadimimiz var. Hətta Sankt-Peterburqda bir uşaq bağçası da var. Orada azərbaycanlıların sayı yerli camaatın sayından çoxdur. Biz həmin bağçaya rəhbərlik edirik. Bu bağçada rəsm dərnəyi də var. Hətta rus valideynlər uşaqlarının rəssamlıq həvəsinə təəccüb edirdilər. Deməli, bizim orada iştirakımızın yerli camaat üçün də faydası var. İndi türkdilli ölkələri diasporu orada güclənir. Biz hamımız birlikdə "Türkdilli Ölkələrin Birliyi" adlı təşkilat yaratmışıq. Görüşürük, danışırıq, birlikdə fəaliyyət göstəririk.

 

- Rusiyada diaspor təşkilatları qanunsuz miqrant probleminin həlli ilə bağlı hansı işləri görür?

- Məncə, Rusiyanın miqrasiya qanunları dünyada ən mülayim qanunlardır. Axır vaxtlar bu qanuna dəyişikliklər də edilib. Bu, miqrasiya qanunlarını daha da mülayimləşib. Bilirsiniz, hər kəs qanunla yaşamalıdır. Əslində, qanunsuz miqrantlar Rusiyaya qanuni yolla gəlirlər. Təyyarəyə oturub əllərində pasport və miqrasiya kağızı ilə gəlirlər. Onlar 3 ay müddətində yaşaya bilərlər, amma əlavə 3-5, 10 gün qalırlar.  Bizim 2 tələbəmiz miqrasiya qanunlarını pozduğu üçün təhsillərini davam etdirə bilmədilər. Biz qanunla yaşamağa o qədər də alışmamışıq. Qanunla yaşamaq hər şeydən alidir. Özümüz səhlənkarlıq edib miqrasiya qanunlarını pozuruq. Onlar da ölkədən çıxarıb, bir daha buraxmırlar.  Bəzən siyasi təxribatlar da olur. Amma bunlara fikir vermək lazım deyil. Ümumiyyətlə, orada heç kəs azərbaycanlıları miqrasiya qanunlarına görə incitmir.

 

- Sankt-Peterburqdan Azərbaycan necə görünür?

- Son 10 ildə bu sualı mənə çox veriblər. Azərbaycanlılar üçün Azərbaycan vətəndir. Dəyişikliklərdən asılı olmayaraq biz  öz ölkəmizi sevirik. Onun uğurları bizi sevindirir. Mən Azərbaycana gələndə Bakıda və rayonlarımızda oluram. Doğrudan da ölkəmiz dəyişib. Mən orta təhsilimi Bakıda almışam. Bu şəhəri yaxşı tanıyırdım. Amma son 10 ildə Bakını tanıya bilmirəm. Ruslar da gəlib gedəndən sonra Azərbaycan haqqında çox müsbət danışırlar. Bu əlaqələri, gediş gəlişi artırmaq lazımdır. Buna dəstək lazımdır. Çünki gediş-gəliş olandan sonra ölkə barədə fikirlər dəyişir. Bu, Qarabağ məsələsinə də aiddir. Bunlar bizim üçün çox vacibdir. Sankt-Peterburqdan Azərbaycan gözəl, güclü inkişaf edən ölkə kimi görünür. 

Müəllif | Apa.Tv
Apa.tv