Ermənilər Hacıqabulda minlərlə dinc sakini qətlə yetiriblər

Hacıqabul, Salyan və Neftçala rayonlarında 1918-ci il mart qırğınları qurbanlarının xatirəsi yad edilib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Hacıqabul, Salyan və Neftçala rayon icra hakimiyyətlərində ziyalıların və ictimaiyyətin iştirakı ilə tədbirlər keçirilib. Hər 3 rayonda Osmanlı İmperiyasının Azərbaycanı xilas etmiş Qafqaz İslam Ordusunun zabit və əsgərlərinin məzarları və onlara ucaldılmış abidələr ziyarət edilib. Hacıqabul rayon Tarix Memarlıq Qoruğunun direktoru Mübariz Xəlilov bildirib ki, 1918-ci ildə indiki Hacıqabul rayonu ərazisində, əvvəllər isə Bakı quberniyasının Şamaxı qəzasının Abdulyan nahiyəsinin 69 kəndində ermənilər yüzlərlə insanı qətlə yetiriblər. Nəvahi kəndində 955 yerli sakin öldürülüb. Onlardan 555-i kişi, 260-ı qadın, 140-ı uşaq olub. Qubalı-Baloğlan kəndində 250 kişi, 150 qadın və 135 uşaq qətlə yetirilib. Padar kəndində 80, Abdulyan kəndində 80, Meyniman kəndində 43, Rəncbər kəndində 137, Paşalıda 50 və Şorbaçıda 40 nəfər öldürülüb. Ermənilərin törətdiyi vəhşiliklərə daşnak ordusunun rəhbərlərindən biri olan Stepan Lalayan rəhbərlik edib. Ermənilər 10 min iribuynuzlu, 15 min xırda buynuzlu heyvanı, taxıl və ərzaq anbarlarını talayaraq aparıblar.

Salyanlı tədqiqatçı Fəxrəddin Fərzəliyev deyib ki, 1918-ci il mart-aprel qırğınları zamanı bolşevik-daşnak birləşmələri tərəfindən Cavad qəzasında (indiki Salyan-Neftçala rayonları ərazisində) 18 kənddə 540-dan çox ev yandırılıb. Əhalinin mal-qarası, qızıl-zinət və digər əşyaları qarət edilib. Erməni quldur dəstələri yüzlərlə əliyalın, günahsız  insanları vəhşicəsinə qətlə yetirərək Kürqaraqaşlı kəndinə kimi gəlib çatıblar. Ramazan paşanın 400 nəfərlik nizami qüvvəsi düşməni Salyanın Kürqaraqaşlı kəndində qarşılayıb və “Demosfen” gəmisini vuraraq batırıb. Bundan sonra, düşmən pərakəndə halda geri çəkilib. Türk əsgərləri onları sona kimi təqib ediblər. Bu qanlı qırğında 2 mindən çox dinc sakin qətlə yetirilib, türk ordusunun 14 əsgəri və Ömər paşa adlı generalı şəhid olub. Şəhid olmuş türk əsgərlərinin 11 nəfəri Neftçalanın Bankə kəndində, Ömər paşa da daxil olmaqla 4 nəfəri isə Salyanda dəfn olunub. Hər iki rayonda türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı