Lerikdə külək və qarın fəsadları

Martın 30-da başlayan güclü külək Lerik rayonunda yenidən fəsadlar törədib. APA TV-nin Cənub bürosuna məlumatına görə, külək 100-dən çox elektrik dirəyini aşırıb, 10 min metrdən çox elektrik naqilini sıradan çıxarıb. Nəticədə rayonun 162 yaşayış məntəqəsindən 120-si işıqsız qalıb.  

 

Günorta saatlarında isə rayon ərazisinə güclü qar yağıb. Bu da öz növbəsində küləyin törətdiyi fəsadların nəticələrini aradan qaldırmaqda çətinliklər yaradıb. Rayon mərkəzinə 20-25, ucqar yaşayış məntəqələrinə isə 30-35 santimetr qalınlığında yağıntı düşüb, yollar buz bağlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran hidrometeoroloji müəssisəsindən  verilən məlumata görə, Lerikdə küləyin sürəti saniyədə 28 metr təşkil edib. Axşam saatlarında rayonun yüksək dağlıq ərazilərində mənfi 5-10 dərəcə şaxta gözlənilir. Aprelin 1-dən isə yağıntının kəsiləcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.

 

Müəllif | Apa.Tv