Nuru Paşanın əsgərinin Göyçaydakı ailəsinin xatirələri

Ermənilərin  1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımı Göyçaydan da yan keçməyib. Rayonun Qarabaqqal kəndində  bir həftə müddətində aramsız döyüşlər gedib. Tarixçi Aqil Kəngərli APA TV-nin çəkiliş qrupu ilə hadisələrin baş verdiyi ərazilərdə olub.

 

“Azərbaycanın milli qüvvələri köməyə gələn Qafqaz İslam ordusu ilə Göyçayda ermənilərin hücumunun qarşısını aldılar və onlara ağır zərbə vurdular. Bu, hücumlar üçün dönüş nöqtəsi oldu. Hazırda dayandığımız yer ağır döyüşlərin getdiyi yer olub”.

 

Azərbaycanlılara köməyə gələn Nuru Paşanın komandanlığı altında vuruşan Osman Dədəlioğlundan danışacağıq.  Türkiyənin Tekirdağ vilayətinin Saray qəsəbəsində anadan olan Osman o zaman Azərbaycana xilaskarlıq missiyası ilə gələrkən 28 yaşında idi. Osman Dədəlioğlu həmin döyüşlərdə yaralandığı üçün bir müddət Azərbaycanda qalıb müalicə olunub. Sonra sərhədlər bağlandığından Türkiyəyə qayıda bilməyən Osman Dədəlioğlu Göyçayın Cəyirli kəndində qalaraq burada yaşamalı olub. Burada ailə quran türk əsgərinin hazırda iki qızı və nəvələri Göyçayda yaşayır. Osman Dədəlioğlunun nəvəsi Taleh Cəbrayılov xatirələrini belə danışdı.
 

“Babam 40 ildən sonra qardaşlarına məktub yazıb ki, sağam. Göyçayda yaşayıram. Gördüyünüz bu məktubu isə 1960-cı ildə babama qardaşı yazıb”.

 

Osman Dədəlioğlu 1984-cü il avqustun 8-də dünyasını dəyişib. 2005-ci ildən sonra isə Taleh Cəbrayılov babasının qohumları ilə əlaqə yarada bilib və onları Azərbaycana dəvət edib.

 

“Babamın ruhu şad olsun deyə gedib onun doğma torpaqlarını ziyarət etdim. Öz nəslimizi-kökümüzü, soyumuzu axtardım”.

 

Türk əsgərinin qızı Rəsmiyyə Cəbrayılova deyib ki, atası onlara ermənilərin törətdikləri vəhşilikləri danışarmış. O, atasının tez-tez Türkiyədəki qohumları ilə əlaqə yaratdığını, məktublaşdığını deyir.

     

“O zaman atamgilin dəstəsində 5 minə yaxın əsgər olub. Atam öz vətəni Türkiyə ilə əlaqə saxlaya bilmədiyi üçün çox pərişan idi. Həmişə ağlayırdı ki, yaxınlarımı görmək istəyirəm.

 

Rəsmiyə Cəbrayılova atasının ona anlatdığı bir əhvalatı da danışdı. 1918-ci ildə Göyçay ərazisində baş verən döyüşlər zamanı Boz dağda quraşdırılmış erməni topundan atılan mərmi Göyçay şəhərindəki bir çinar ağacını məhv edib. Lakin, buna baxmayaraq çinar ağacı yenidən boy atıb və bir gövdədən 4 budaq çıxıb. İndi həmin budaqların hər biri böyük bir ağacı xatırladır.  Bu gün Göyçayda belə bir deyim var: "Ermənilər xalqımızı qırdılar, lakin kökümüzü kəsə bilmədilər. Hər bir şəhidin yerinə 4 oğul dünyaya gəldi". Böyük gövdəsi olan bu çinar ağacı həmin qanlı döyüşləri özündə yaşadır və tarixin canlı şahidi olan abidə kimi qorunur. Çinar ağacı rayona gələn qonaqların seyr etdiyi maddi-mədəniyyət nümunələrindən biridir.

 

Osman Dədəlioğlu 1984-cü ildə 94 yaşında vəfat edib və Cəyirli kəndində dəfn olunub. Sonradan onun məzarı dağılıb yox olmaq təhlükəsi üzləşib. 2005-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə qəbirüstü abidə yenidən götürülüb. Göyçayın 10-a yaxın yaşayış məntəqəsində naməlum türk hərbçilərinin məzarlarının olduğu bildirilir.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov