Tanınmış yazıçı İsa Hüseynov vəfat edib

Azərbaycanın tanınmış yazıçısı, "Muğanna" kimi tanınan İsa Hüseynov ötən gecə vəfat edib. Bu barədə APA TV-yə İsa Hüseynovun qızı Sevinc Hüseynli məlumat verib.

 

İsa Hüseynov xroniki ürək çatışmazlığından əziyyət çəkirmiş. S. Hüseynlinin sözlərinə görə, atası yataq xəstəsi olmayıb. Gecə yarısı isə qəfildən dünyasını dəyişib.

 

Ailəsi İsa Hüseynovun nə vaxt dəfn ediləcəyini hələ dəqiqləşdirməyib. Sevinc Hüseynli bildirib ki, yazıçının nəvəsi Azərbaycandan kənarda yaşayır və dəfn üçün onun gəlişini gözləyəcəklər.

 

İsa Hüseynovun ailəsi onun dəfn yerini də dövlət qurumları ilə bu gün müzakirə edəcək.

 

İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində doğulub. Ədəbi fəaliyyətə 1949-cu ildə başlayan yazıçının ssenariləri əsasında "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və başqa filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.

 

Muğanna 2012-ci ildə AYB-nin təsis etdiyi "Nəsimi" mükafatına layiq görülüb.

 

Müəllif | Apa.Tv