Ramzan Kadırov erməniləri dəstəklədi

Çeçenistanın rəhbəri Ramzan Kadırov ABŞ-ı və Qərb ölkələrini Suriyadakı erməni kəndlərinin atəşə tutulmasını araşdırmamaqda, eləcə də, "terrorçuların hərəkətlərinə haqq qazandırmaqda" ittiham edib. APA TV-nin məlumatına görə, Ramzan Kadırov bu barədə "Instagram"-da yazıb: "Suriyada növbəti dəfə dinc sakinlərin qanı töküldü. Suriya hökumətinin bildirdiyi kimi, Türkiyə ərazisindən gələn silahlıların hücumu nəticəsində Keseb qəsəbəsində 100-ə yaxın adam həlak olub. Bunlar Suriyanın köklü sakinləri olan ermənilərdir".

 

Ramzan Kadırov Keseb qəsəbəsinə hühum edənlərin "Ən-Nüsrə Cəhbhəsi" və "İslam cəbhəsi" qruplaşmalarının silahlıları olduğunu xatırladıb və yazıb ki, terrorçuların İslamla heç bir əlaqəsi yoxdur, onlar müsəlman deyillər.

 

Ramzan Kadırov Avropa ölkələri və ABŞ-ın bu hadisələr qarşısında susduğunu bildirir və qeyd edir ki, bu ölkələr Suriyanın qanuni hakimiyyətinə qarşı çıxan dəstələrə yüz milyonlarla dollar, silah və xüsusi vasitələr ayırır: "Neçə min suriyalı ölməlidir ki, NATO ölkələri terrorçulara dəstəyə son qoyusunlar?"

 

Qeyd edək ki, martın 21-də Suriyanın Türkiyə ilə sərhədindəki Keseb qəsəbəsinə hucum olub. Hucumun olduğu ərazidə əsasən ermənilər yaşayır. Hücuma görə tərəflər bir-birini ittiham edir. Məlumata görə, hücum nəticəsində 80 nəfər ölüb.

 

Müəllif | Apa.Tv