"Saşa Beliy"ın tərəfdarları Kiyev merinin müavinini güllələdilər

Kiyev də "Sağ Sektor "un nümayəndələri ilə Maydan fəalları arasında atışma baş verib. Bu barədə məlumatı Ukraynanın Daxili İşlər Nazirliyi yayıb. Polisin məlumatına görə, atışma Maydandakı Mafiya kafesinin yanında baş verib. Tərəflər arasında yaranan söz mübahisəsi silaha keçib. "Sağ Sektor "un fəallarından biri üzərində gəzdirdiyi silahdan atəş açıb. Üç nəfər yaralanıb, ikisinin vəziyyəti ağırdır. Yaralılar arasında Maydan özünümüdafiə qrupunun üzvü, Kiyev Şəhər Administrasiyasının başçısının müavini Boqdan Dubas da var. Atışmanın səbəbləri bəlli deyil. Yaralılar xəstəxanadadır.

 

Bundan sonra, Ukraynanın müvəqqəti daxili işlər naziri Arsen Avakov Dnepr mehmanxanasında yerləşən "Sağ sektor"un nümayəndələrini nəzarətə götürmək barədə əmr verib. Hazırda gülləni atan şəxsin kimliyi müəyyən edilib və onun həbs edilməsi istiqmətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

 

Arsen Avakov "facebook"da yazıb ki, bütün hüquq-mühafizə orqanları hazır vəziyyətə gətirilib: "Təsadüfi ölüm olmamasına çalışırıq. İçəridə qeyri-qanuni silah saxlayanlara silahlarını təhvil vermək, fəallara isə otel binasını tərk etmək çağırışı edilib".

 

APA TV-nin xəbərinə görə, "Sağ Sektor"un fəlları "Saşa Beliy" kimi tanınan Aleksandr Muzıçkonun öldürülməsi ilə bağlı ötən həftə Parlament binası qarşısında piket təşkil ediblər. Onlar Daxili İşlər Nazirinin istefası ilə yanaşı, hadisənin təhqiqatı və təqsirli bilinən şəxslərin cəzalandırılmasını istəyiblər.

 

Müəllif | Apa.Tv