Gülər Əhmədovanın şikayəti qismən təmin olundu

Ali Məhkəmədə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə kassasiya şikayətinə baxılıb. APA-nın xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədova iştirak etməyib.

 

Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Qərara əsasən, Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək.

 

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı Gülər Əhmədovanın vəkili Əfsər Talıbov məhkəmənin istintaqla aparılması və digər bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Kassasiya şikayətinə baxıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsində proses davam etdiriləcək.

 

APA TV-nin xəbərinə görə, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də tutulan G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı