Osman Mirzəyevin əmisi oğlunun evi yandı

Bomj babasının adını daşıyan küçədə yanğın törətdi

 

Bakıda yanğın hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Balarazi Mirzəyev küçəsində Üzeyr Mirzeyevə məxsus evdə qeydə alınıb. Bu barədə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə (DYMX)  qonşular xəbər verib. 80 kv.m sahəsi olan evin 12 kv.m sahəsi yanıb.

Yanan evdə xeyli zibil yığılıb. Deyilənlərə görə, ev sahibi tufeyli həyat tərzi sürür.

Yanğınsöndürənlər  alovun qonşuların evinə keçməsinin qarşısını alıblar.

DYMX-nin 18-ci Yanğından Mühafizə Hissənin rəisi İlqar Abbasov deyib ki, həyətdə tullantılar yığılıb: "Qonşular da buna heç bir reaksiya verməyiblər".

İlqar Abbasov bildirib ki, bu cür zibiliyin qarşısı alınmasa daha böyük təhlükələr yarada bilər:

"Vaxtında lazımı orqanlara xəbər verilsəydi, zibillər həyətdən evdən yığışdırılardı. Əks təqdirdə gələcəkdə belə hadisə baş verərsə, qonşuların evinə də keçə bilər".

Üzeyir Mirzəyev ziyalı ailədəndir. Yaşadığı küçə də onun babasının adınadır. Balarazi Mirzəyev tanınmış jurnalist, 1991-ci ildə erməni terrorunun qurbanı olmuş Osman Mirzəyevin əmisidir. Osman Mirzəyev Dövlət Təhlükəsizlik Komitəsinin arxivindən əmisinin dosyesini taparaq, onun əsl ölüm tarixini üzə çıxarıb. O, əmisi ilə bağlı məlumatlardan "Əmimə məktub" əsərində istifadə edib. Məlumatlara əsasən, Balarazi Ağarazi oğlu Mirzəyev 14 yanvar 1938-ci ildə antisovet fəaliyyətinə görə güllələnib.

Qonşular deyirlər ki, ev sahibi 17 ildir, belə həyat tərzi keçirir: "Çox abırlı-həyalı ailənin nümayəndəsidir. Amma xəstədir. Küçədə, zibillikdə nə görür, yığıb gətirir".

Qonşuların diğər verdiyi məlumata görə, şüşələri yığıb satmaqla kitab alıb oxuyur. Bu vəziyyətə isə keçirdiyi qəzadan sonra düşüb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova