Rusiya Ukraynaya satdığı qazın qiymətini qaldırdı


Rusiya Ukrayna üçün təbii qazın qiymətini artırıb. Bu haqda “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller məlumat verib. O qeyd edib ki, ikinci rübdən etibarən Ukraynaya 1000 kubmetr qazın qiyməti 268,5 dollardan 385,5 dollaradək yüksəlib.

Onun sözlərinə görə, "Dekabr endirimi"nin aradan qalxmasına səbəb Ukrayna tərəfindən idxal olunan qazın 2013-cü il üçün ödənişlərini gecikdirməsidir. Miller vurğulayıb ki, hazırda rəsmi Kiyevin borcu 1 milyard 711 milyon dollar təşkil edir. "Qazprom” rəhbəri həmçinin bildirib ki, ikinci rübdən Rusiya qazının Ukrayna ərazisi ilə tranzit haqqı da artacaq. Artım 10 faiz təşkil edəcək.

APA TV-nin xəbərinə görə, bundan başqa, ABŞ konqresində Ukraynaya maddi yardım etmək barədə səsvermə keçiriləcək. Konqresmenlər irəli sürülən təklifi müsbət qiymətləndirsələr, ABŞ rəsmi Kiyevə bir milyard dollar həcmində yardım edəcək.

Müəllif | Apa.Tv