Azərbaycanda gələn il tədris müddəti uzadılacaq

Növbəti dərs ilindən Azərbaycanda tədris müddətinin uzadılması gözlənilir. APA TV-nin xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Tədris müddətinin artırılması ilə bağlı Təhsil Nazirliyi təklif irəli sürüb. Bu il tədris müddətinin başa çatmasına az qalıb və dərs ili planlaşdırılmış vaxtda başa çatacaq. Nazir müavini qeyd edib ki, dərs müddətinin uzadılması tədris proqramları ilə bağlıdır və bunu dərs ilinin ortasında etmək düzgün olmaz: "Bizim apardığımız analizin nəticələri göstərdi ki, Azərbaycanda cəmi 32 tədris həftəsi var. Bu da çox aşağı göstəricidir. Digər ölkələrdə orta dərs müddəti 38 həftədir, bəzi ölkələrdə isə bu, 40-42-43 həftəyə çatır. Bu gün tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf keçdikcə, illər ötdükcə bu yüngülləşmir. Biz isə tədris müddətini azaltmaqla, dərs yükünü artırırıq. Bu da bir çox halda valideynlərin haqlı narazılığına səbəb olur".

 

Dərs müddətinin tədris ilinin əvvəlində və ya sonunda artırılmasına gəlincə, bununla bağlı tam qərar hələ ki, qəbul olunmayıb. Böyük ehtimalla bu, dərs ilinin sonuna günlərin əlavə edilməsi hesabına artırılacaq. Tədris ilinin 3 həftəyədək artırılması gözlənilir.

 

Ceyhun Bayramov ekstremist dini cərəyanların yayıldığı bir vaxtda məktəblərdə din dərslərinin keçirilməsi məsələsinə münasibət bildirib. O qeyd edib ki, Azərbaycanda din ayrıca fənn kimi məktəblərdə tədris olunmur. Müəyyən fənlərdə dini bilgilər uşaqların yaş qruplarına uyğun olaraq tədris olunur: "Uşaqlara dünya dinləri barədə də əlavə məlumatlar verilir. Uşaqları tolerantlıq, bütün dinlərə hörmət ruhunda tərbiyə etmək üçün dərsliklərdə bütün məlumatlar var. Bundan sonra da biz bunları nəzarətdə saxlayacağıq".

 

Nazir müavini ABU-nun hələ də diplom ala bilməyən tələbələrinin Təhsil Nazirliyinə müraciət etmələrini məsləhət görüb. O, dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrin vətənə döndükdə iş problemi ilə qarşılaşması barədə deyilənləri əsassız hesab edib: "Həmin dövlət proqramı ilə qəbul edilmiş sənədlərdə belə insanların Azərbaycana qayıdarkən dövlət qulluguna üz tutarlarsa, onlar üçün xüsusi   sadələşdilrmiş işə qəbul mexanizmləri var. Biz təhsil naziri olaraq, bundan geniş istifadə edirik. Bir neçə məzun bu il ərzində Təhsil Nazirliyə işə qəbul edilib".

 

Qeyd edək ki, Bakıdakı 18 nömrəli orta məktəbdə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat festivalının açılış mərasimi keçirilib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova