Qərblə Rusiyanın enerji savaşı: kim qalib gələcək?

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ölkəsinin Avropaya birbaşa qaz tədarük etməyə hazır olduğunu bəyan edib. APA TV-nin xəbərinə görə, bu barədə Brüsseldə ABŞ-Avropa Birliyi sammiti çərçivəsində açıqlama verən amerikalı lider hesab edir ki, Avropa Birliyinin Rusiyadan yanacaq asılılığı təcili aradan qaldırılmalıdır. Avropa Komissiyasının rəhbəri Joze Manuel Barozzo da Krımla bağlı baş verən son hadisələrdən sonra karbohidrogen resurslarının diversifikasiya məsələsi ilə bağlı tədbirləri labüd edir.

 

Rusiya Avropaya enerji verən ən böyük qaz ixracatçılarından biridir. Ötən il qaz ixracı 2012-ci illə müqayisədə 23,9 faiz artaraq 139,32 milyard kubmetr təşkil edib. "Biz elə indi Avropa ölkələrinin tələbatı qədər qaz ixrac etməyə hazırıq", - deyən Barak Obama qazın açıq bazara çıxarıldığını və özəl şirkətlərə məxsus lisenziya əsasında satıldığını qeyd dib. Onun sözlərinə görə, Amerika qazının Avropaya ixracını asanlaşdıracaq Transatlantik ticarət paktının yaradılması ilə bağlı danışıqlar və ABŞ ilə Avropa Birliyi arasında azad ticarət zonasının yaradılması ilə bağlı işlər sürətləndirilir.

 

Hazırda Rusiya Avropanın qaza olan tələbatının 1/3 hissəsini təmin edir. Həmin qazın təxminən 40 faizi Ukrayna vasitəsi ilə nəql olunur.

 

Amerika isə öz növbəsində dünyada ən böyük neft və qaz ehtiyatlarına malik ölkələrdən biridir. Bununla yanaşı ölkə enerjidaşıyıcılarını həm də idxal edir. Beləliklə, ABŞ-in energetika siyasəti təbii resursların toplanmasından ibarətdir. Bununla bərabər son vaxtlar bu siyasətdə dəyişiklik olub və hazırda bu ölkə şist yataqlarının işlənməsi ilə məşğul olur. Ağ Ev genişmiqyaslı qaz ixracına hazır olduğunu bəyan edir, lakin hazırkı qanunvericilik hələlik bunu qadağan edir.

 

Rusiyalı ekspertlərin fikrincə, Avropa Birliyi ölkələrinə Rusiya qazının idxalını dayandırmaq sərfəli deyil. Bundan başqa ABŞ Avropaya Rusiya qədər qaz nəql edə bilməz. Onlar hesab edir ki, ABŞ-ın ehtiyatları Avropanın yalnız 70 faizini mavi yanacaqla təmin etməyə imkan verir.

 

"Amerika yalnız sıxılmış qaz verə bilər, lakin Avropa infrastrukturu buna keçidə heç zaman hazır olmayacaq".

Bu fikirlər Rusiyanın "Finam Menecment" şirkətinin icraçı direktoru Nikolay Slabutoya məxsusdur. Onun sözlərinə görə, qazı Atlantik okeanla daşımaq baha başa gələcək.

 

Avropa isə ümid edir ki, Amerika vasitəsi ilə qaz tədarükü "Qazprom" qazına nisbətən daha ucuz olacaq.

 

Ukrayna hökumətinin qiymətləndirməsinə görə, Avropa Birliyindən Ukraynaya ildə 25 milyard kubmetr qaz daşımaq mümkündür. Bu qazın qiyməti isə Rusiya qazının qiymətindən çox ucuz olacaq. Bu barədə açıqlama verən Ukrayna baş naziri Arsen Yasentuk qaz mənbəyinin adını açıqlamayıb.

 

Ukrayna artıq çoxdandır ki Rusiyanın enerji əsarətindən azad olmaq istəyir. Obama sıxılmış təbii qaz hesabına Ukraynaya kömək etməyə söz verib. Bəs, Amerika tankerləri ilk dəfə nə zaman Bosfor və Dardanel boğazlarından keçə biləcək və ümumiyyətlə keçə biləcəkmi?

 

Sıxılmış təbii qazın Ukrayna tankerlər vasitəsi ilə gətiriləcəyi ehtimal edilir. Hətta 2012-ci ildə Avropa Birliyi Ukraynaya sıxılmış təbii qaz terminalı tikməyə yardım etməyə cəhd göstərmişdi. Lakin burada başqa bir problem - Türkiyənin razılığı məsələsi ortaya çıxır.

 

Bosfor və Dardanel boğazları ilə gəmilərin hərəkəti 1936-cı ildə imzalanmış Montrö Konvensiyası ilə təmin olunur. Bu razılaşmanın iştirakçıları Bolqarıstan, Yunanıstan, İtaliya, Fransa, Rumıniya, Rusiya, Türkiyə və Böyük Britaniyadır. Razılaşmada tankerlərin ölçüsü ilə bağlı məhdudiyyətlər, qeyri-adi və təhlükəli yüklərin daşınması zamanı görülməli olan tədbirlər öz əksini tapıb. Burada təhlükəli yüklərin adları çəkilməsə də, başqa beynəlxalq konvensiyalarda sıxılmış təbii qaz təhlükəli yük hesab edilir. Ukrayna bu problemi çözməyə çalışaraq 2012-ci ilə Türkiyənin ayda sıxılmış qazla dolu 8 tankeri boğazlardan buraxmağa icazə verdiyini bəyan etmişdi. Rəsmi Ankara isə bu məlumatı təkzib etmişdi. Bu arada Türkiyə boğazlarından sıxılmış karbohidrogen qazı - LPG konteynerləri keçir ki, bu da sıxılmış təbii qazdan heç də az təhlükəli deyil. Orta hesabla bu boğazlardan hər il LPG yüklənmiş 100 tanker keçir.

 

Müəllif | Apa.Tv