Ankarada etiraz aksiyası: CHP tərəfdarları küçəyə çıxdı

Türkiyədə martın 30-da keçirlən bələdiyyə seçkisi zamanı 27 faizdən bir az çox səs toplamış müxalif Cümhuriyyət Xalq Partiyası Ankara, İstanbul və Antalyada bülletenlərin yenidən sayılmasını tələb edib. APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ankarada seçkilərin nəticələrinə etiraz edən və əllərində partiyanın bayraqlarını, paytaxtın meri postuna irəli sürülmüş namizəd Mansur Yavaşın portretlərini tutan bir qrup CHP tərəfdarları Mərkəzi Seçki Komissiyasının, habelə Yenimahalle və Çankaya Dairə Seçki Komissiyalarının binaları qarşısında aksiya keçirib. Məlumata görə, polis MSK binası qarşısında təşkil olunmuş aksiyaya müdaxilə edib. 

 

Polis etirazçılardan dağılışmağı tələb edib, lakin aksiya iştirakçıları asayiş keşikçilərinin çağırışlarına məhəl qoymayıb. Buna cavab olaraq, polis etirazçılara qarşı su şırnaqlarından və səs qumbaralarından istifadə edib.

 

Hadisə yerinə Ankaradan seçilmiş CHP-li millət vəkili Levent Gök gəlib. O, etirazçıların dağılışmasını xahiş edərək, aksiyaları Dairə Seçki Komissiyalarının binaları qarşısında keçirməyi təklif edib.

 

Etirazçılar dağılışmaq istəmədikdə isə, polis onlara qarşı yenidən müdaxilə edib. 

Müəllif | Apa.Tv