Bakının mərkəzində “BMW”, “Mercedes”, “AUDİ” və "VAZ 2106" toqquşdu

Bakının Səbayel rayonu, Neftçilər prospektində 4 avtomobil toqquşub. APA TV-nin xəbərinə görə, hadisə prospektdə nəqliyyatın intensiv hərəkəti zaman qeydə alınıb. Tofiq Həşimovun idarə etdiyi “BMW” markalı avtomobillə idarəetməni itirərək, əvvəlcə İsmət Nəzərovun idarə etdiyi “Mercedes” və Türkiyə vətəndaşı Fatih İlilaqın idarə etdiyi “AUDİ” markalı avtomobilləri əzib. Daha sonra isə Kamil Sadıqovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, "VAZ 2106" arxası tamamilə yararsız hala düşüb. Xoşbəxtlidən qəza nəticəsində ciddi xəsarət alan olmayıb. Hadisə yerinə Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsinin əməkdaşları gəliblər.  İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya “BMW” markalı avtomobilin sürücüsü Tofiq Həşimovun maşını yüksək sürətlə idarə etməsi səbəb olub.

Qəza ilə əlaqədar Neftçilər prospektində bir müddət tıxac yaranıb. Maşınlar evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırıldıqdan sonra, prospektdə nəqliyyatın hərəkəti normala qayıdıb. Faktla bağlı Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv