Hərbi Dəniz Qüvvələrində külli miqdarda mənimsəmə faktı aşkarlanıb

Azərbaycan Hərbi Dəniz Qüvvələrində Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılır. Yanvarın sonlarından başlayan yoxlamalar nəticəsində ciddi qanun pozuntuları aşkarlanıb.

 

Yoxlamalar Hərbi Dəniz Qüvvələrinin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanov komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.

 

Eyni zamanda Hərbi Dəniz Qüvvələrinin 6 hərbi qulluqçusu saxlanılıb.

 

Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. Məlumata görə, Hərbi Dəniz Qüvvələrində gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin Hərbi Dəniz Qüvvələrinin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, Hərbi Dəniz Qüvvələrinə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalarla bağlı APA-nın sorğusuna cavab verilməyib.

 

Müəllif | Apa.Tv
Apa.tv