Palçıq sıçratmaq davasında 2 nəfər bıçaqlandı

Sabirabadda palçığa görə bıçaqlanma olub. Nərimankənd sakini, 27 yaşlı Elvin İmanov martın 30-da axşam saatlarında idarə etdiyi “Qazel” markalı avtomobillə yaşadığı kəndə gedərkən həmkəndlisi 31 yaşlı Samir Soltanovun üstünə palçıq sıçradıb. Ertəsi gün Samir Soltanov Elvin İmanovu kəndin mərkəzinə çağıraraq, ondan üzr istəməsini tələb edib. Onların arasında mübahisə yaranıb. Sonradan mübahisəyə Samirin yeznəsi 28 yaşlı Eldar Məlikov və Elvinin qardaşı Ariz İmanov da qoşulub. Mübahisə daha da gərginləşib və Samir Soltanov üzərində gəzdirdiyi zəncirlə Ariz İmanovu vurub. Elvin İmanov isə avtomobildən götürdüyü bıçaqla Samir Soltanovu və Eldar Məlikovu bıçaqlayıb.

 

APA TV-nin xəbərinə görə, Samir Soltanov ağciyər və yoğun bağırsağın, Eldar Məlikov  isə qaraciyərin yarası diaqnozu ilə Sabirabad rayon xəstəxanasında əməliyyat olunub.

 

Elvin İmanov barəsində həbs-qəti imkan tədbiri seçilib

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı