Komitə sədri: "Azərbaycana qarşı ədalətsizlik baş alıb gedir"

"Xarici İşlər Nazirliyinə (XİN) Azərbaycanın xarici ölkələrdəki səfirliklərində Kəlbəcərin və digər rayonların işğal gününün qeyd olunması haqqında müraciət edilib. Məqsəd Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırmaqdır."

APA TV-nin xəbərinə görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib. Əli Həsənov qeyd edib ki, prezident İlham Əliyevin xalq, dövlət üçün gördüyü böyük işlərə böyük güclər qısqanclıqla yanaşır. Rusiya bilməlidir ki, İkinci Dünya Müharibəsində SSRİ-yə xəyanət edən, casusluq edən ermənilər bir gün Rusiyaya da xəyanət edəcəklər. Qərb də bunu bilir: "Qətnamələrə əməl edilməməsi ölkəmizə olan yad münasibəti göstərir. Bunun kökündə ayrı-seçkilik, biganəlik, ədalətsizlik yanaşmasını göstərir. Azərbaycana qarşı ədalətsizlik baş alıb gedir. Biz yalnız dövlətimizə, prezidentimizə və xalqımıza güvənməliyik. Ötən 20 il göstərir ki, kimdənsə kömək gözləmək nəticəsizdir".

Torpaqlarımızın gec-tez işğaldan azad ediləcəyini vurğulayan Əli Həsənov ilk növbədə məqsədin adət-ənənələri, milli xüsusiyyətləri saxlamaq olduğunu bildirib. İşğal olunmuş ərazilərdə narkotik bitkilər yetişdirilməsinin bu gün də davam etdiyini deyən Komitə sədri ermənilərin bu əməlinin təkcə Azərbaycanın problemi deyil.

Aprelin 2-də erməni silahlı birləşmələrinin Kəlbəcəri işğal etməsindən 21 il ötür.  

 

Müəllif | Apa.Tv