Xəzərin hüquqi statusu ilə bağlı razılaşdırılmayan məqamlar açıqlandı

"Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin aprelin 22-də Moskvada planlaşdırılan görüşünə qədər İşçi qrupunun daha bir iclası elə həmin şəhərdə keçiriləcək".

 

APA TV-nin xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Türkmənistanın Aşqabad şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 36-cı iclası ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, iclasında Həştərxan sammitinin yekun sənədlərinin layihəsi müzakirə edilib: "Həmin sənədlər Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin aprelin 22-də Moskvada keçiriləcək görüşündə müzakirə olunacaq. Həmin görüşdə Xəzəryanı ölkələrin dövlət başçılarının Moskva sammitində müzakirəyə çıxarılacaq məsələlərə baxılacaq. Bəzi razılaşdırılmayan məsələlər üzərində iş və intensiv danışıqlar aparılır. Sammit bu ilin birinci yarısında keçiriləcək. Sammitin vaxtı diplomatik kanallarla dəqiqləşdirilir".

 

“Razılaşdırılmayan məqamlar nədən ibarətdir” sualına cavab olaraq isə Xələf Xələfov bunları deyib: “Su səthinin suverenlik zonasının, sərhəd xətlərinin, balıqçılıq sahəsinin, elmi-tədqiqat zonasının dəqiqləşdirilməsi, ekologiya, təhlükəsizlik məsələləri, fövqəladə halların nəticələrinin aradan qaldırılması, bioresursların qorunması və istifadə olunmasına dair hələlik razılaşma yoxdur. Bu məsələlər İşçi Qrupunda razılaşdırıla bilər”.

 

Nazir müavini onu da deyib ki, danışıqlar həm beştərəfli, həm ikitərəfli, həm də üçtərəfli keçirilir.

 

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Türkmənistan xarici işlər naziri Rəşid Meredovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İlk olaraq görüş təkbətək, daha sonra geniş formatda keçirilib. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, qarşılıqlı maraq kəsb edən məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Müəllif | Apa.Tv