Havaların kəskin dəyişməsinin məhsuldarlığa təsiri necə olacaq?

 

"Bizim bütün ağaclarımız çiçək açmışdı. Qar birbaşa üzərinə yağdı. Hər halda mənfi dərəcə bu ağaclara ciddi ziyan vuracaq".

 

"Biz pamidor-xiyar istixanaları saxlayırıq. Ölkə bazarını, həm də Rusiya bazarını bu məhsullarla təmin edirik. Hər il mart ayının sonunda hava əlverişli olur və istilik tamamilə tükənir. İndi qəflətən qarın yağması, gecə şaxtanın düşməsi bütün istixanalar üçün təhlükəlidir".

Bunları APA TV-yəəkin-biçinçiliklə məşğul olanlar deyib.  Ölkədə yaşanan şaxtalı hava və güclü qar regionlarda sakinlər arasında narahatlıq yaradıb. Kəndlilər  anomal hava şəraitinin onların becərdikləri məhsullara ciddi ziyan vuracağından ehtiyatlanırlar. Bir çox yerdə çiçəkləmiş ağacların çiçəkləri tökülüb, meyvə tumurcuqları qırılıb və ya şaxta vurub. Bu səbəbdən payız mövsümündə meyvə və tərəvəz məhsullarının qıt, tədarük ediləcək məhsulların isə keyfiyyətinin aşağı olacağına dair ehtimallar səsələndirilir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, qar yağmazdan bir gün əvvəl, yəni martın 29-da havanın temperaturunun 20 dərəcəyə qədər yüksəlməsi, martın 30-da isə  bəzi rayonlarda mənfi 1-ə enməsi xüsusən alça, ərik, şaftalı və gilas ağaclarına ciddi zərər vurub. Dolunun düşməsi bu zərəri ikiqat artırıb. Bunun qarşısını almaq üçün fermerlər bitkilərin normal qidalanması və immun sisteminin daha dözümlü olması üçün əlavə tədbirlər görməlidirlər: "Gübrələrdən istifadə edilməlidir. Bu zaman şaxta vuran bitkilərin immun sistemi bir qədər güclənər və onların həmin ildə və ya növbəti illərdə məhsuldar olması təmin edilər. Eyni zamanda ola bilər ki, bir ağacda olan bəzi çiçəklər şaxtadan qorunub. Onların yenidən əmələ gəlməsi üçün bu, daha yaxşı vasitədir".

 
Ş
axtalı hava şəraiti bir sıra həşəratların da tələf olmasına gətirib çıxarıb. Bu isə bitkilərin vaxtında mayalanmasına əngəl yaradacaq. Nəticə olaraq, bu da məhsuldarlığın aşağı düşməsi deməkdir: "Bu aylarda həşəratların populyasiyası azalıb. Xüsusilə də arılar çiçəkləri tozlandıra bilməyəcəklər. Tozlanma isə məhsuldarlığa bir başa təsir edən amillərdən biridir. Eyni zamanda hesab edirəm ki, bağçılıqla məşğul olan şəxslər mütləq arıçılıqla da məşğul olmalıdırlar. Bu, bir-birinə bağlı faktorlardır ".

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin məsələyə münasibəti belə olub: "Biz Şimal zonası ilə əlaqə saxladıq. Məlum oldu ki, həmin ərazidə tumlu meyvələrdə çiçəkləmə fazası başlamayıb. Yalnız çəyirdəkli meyvələrin bir qismi şaxtaya məruz qalıb. Meyvələrin tam çiçəkləmə dövrü aprelin 15-dən sonra olduğundan hazırda hər hansı bir ciddi ziyandan söhbət gedə bilməz".  

 

O ki qaldı hazırda şaxtalı havanın məhsul yığımı yetişmək üzrə olan faraş kartofçuluğa, nazirlik rəsmisi deyib ki, havaların qəflətən soyuması kənd təsərrüfatına həm də xeyirdir. Yağan yağış və qarın taxılçılığa müsbət təsiredəcyi bildirilir. Murtuzəli Hacıyev bildirib ki, mənfi 1-4 dərəcə şaxta uzun müddət yaranmadığından kartofçuluğa ziyan vurmayıb. Əgər havalar bu cür davam etsəydi, o zaman ölkənin kartofçuluq sahəsi ciddi təhlükə ilə üz-üzə qalmış olardı. Ümumilikdə soyuq havanın fəsadları növbəti günlərdə də araşdırılaraq fermerlərə əlavə köməkliklər göstəriləcək.

 

Müəllif | Apa.Tv