NASA Rusiya ilə əməkdaşlığı dayandırır

Amerika Kosmik Agentliyi (NASA) Rusiya ilə əməkdaşlığa son qoyur. APA TV-nin xəbərinə görə, Kosmik Agentliyin rəhbərinin müavini Maykl Obrayn adından yayılan məktubda bildirilir ki, NASA Rusiyanın Krım ilə bağlı apardığı siyasətinə etiraz olaraq bu addımı atıb.

 

Məktubda NASA əməkdaşlarına Roskosmosdan olan həmkarları ilə elektron poçtla məktublaşmaq və onlarla telekonfrans aparmaq, beynəlxalq tədbirlərdə görüşmək, rus nümayəndələrinin NASA-ya səfərlərini təşkil etmək qadağan olacaq. Bundan başqa, NASA əməkdaşlarının xüsusi əmr olmadan Rusiyaya getmək səlahiyyətləri də olmayacaq. Lakin Amerika Kosmik Agentliyi Rusiya ilə Beynəlxalq Kosmik Stansiyada işlərini hələlik davam etdirəcək.

 

Qeyd edək ki, mart ayının əvvəlində NASA-nın rəhbəri Çarlz Bolden heç nəyə baxmayaraq, Rusiya ilə kosmos sahəsində əməkdaşlığın davam edəcəyini vurğulamışdı.

Müəllif | Apa.Tv