Krım tatarları daha bir referendum keçirəcək

Krımda daha bir referendumun keçirilməsi gözlənilir. Krım tatarları xalqının iradəsini müəyyən etmək üçün Məclis referenduma hazırlıq işlərinə başlayıb. Krım Tatarları Məclisinin referenduma hazırlıq qrupunun üzvü Abduraman Eqizin "Azadlıq" radiosunun yerli bürosuna verdiyi açıqlamaya görə, Krım tatarlarının keçirdiyi referendum BMT və ya ATƏT kimi təşkilatların rəhbərliyi altında baş tutmalıdır.

"Bu referendum legitim və dünya ictimaiyyəti tərəfindən tanınan olmalıdır",- deyə o, əlavə edib.

APA TV-nin xəbərinə görə, daha öncə Krım tatarlarının referendum keçirmək təşəbbüsü ilə bağlı xalqın lideri Mustafa Cəmilev də məlumat vermişdi. Bundan başqa Məclisin sədri Refat Çubarov da açıqlamasında Krım tatarlarının öz iradələrini nümayiş etdirmək üçün referendum keçirə biləcəklərini bəyan etmişdi.

Ukraynada isə müvəqqəti olaraq, prezidentin səlahiyyətlərini icra edən Ali Radanın sədri Aleksandr Turçinov Krımın Rusiya üçün dəhşətli problem olacağını deyib. Onun sözlərinə görə, yarımadanın işğalı region üçün ciddi iqtisadi problemə çevriləcək və Rusiya ölkənin azad suveren quruluşuna qarşı törətdiyi təxribat üçün 2 qat və ya 3 qat ödəməli olacaq.

"Əminəm ki, öz evlərini tərk etməli olan Krım tatarları və Ukraynanın digər vətəndaşları Krıma qayıdacaqlar. O cümlədən öz evlərini, mənzillərini qoyub gəlmiş hərbçilərimiz də Krıma dönəcək. Krım Ukraynanın olacaq. Bəli, bu yaxın aylarda olmayacaq. Amma biz Krıma qayıdacağıq. Krım Ukraynanın olub və olacaq" - deyən Aleksandr Turçinov Krımın Rusiya hərbçiləri üçün istirahət yeri olmayacağını vurğulayıb. 

Müəllif | Apa.Tv