Komitə sədri: "Gördük ki, aldadırlar..."

"Azərbaycanda fəaliyyət göstərən cəmi 9 müəssisə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə “halal” standartının alınması ilə bağlı müraciət edib. Artıq 4 belə müəssisəyə bu standarta uyğun məhsulların istehsal edilməsi üçün müsbət rəy verilib".

APA TV-nin xəbərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, son vaxtlar məhsullar üzərində "halal" sözünü istifadə edən istehsalçıların sayı çoxalıb. Lakin həmin müəssisələr bunun sadəcə əmtəə nişanı kimi istifadə etdiklərini iddia edib. Əhalinin aldadılması hallarının çoxaldığını nəzərə alaraq komitə sərt addımlar atıb: "Biz bir balaca göz yumurduq. Amma gördük ki, sonra istehlakçılar aldanır. Axırda gördük ki, istehlakçılar aldadılmağa başlanıldı, ona görə də biz bir şərt qoyduq ki, buna son qoymaq lazımdır. Kim bacarır, bu standarta uyğun məhsul istehsal etsin, bacarmırsa, onda icazə verməyəcəyik ki, "halal" sözündən istifadə etsinlər".

 

Xaricdən gətirilən məhsulların bu standartlara nə qədər cavab verəcəyinə gəlincə, komitə sədri bildirib ki, həmin məhsulların da "hala" standart sertfikatı tələb olunacaq.

Qedək ki, aprelin 1-dən Azərbaycanda “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağasının tətbiqinə başlanıb və Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarət Xidməti tərəfindən bununla bağlı yoxlamalar aparılır.

Müəllif | Apa.Tv