Bakıda Beynəlxalq Turizm Sərgisi fəaliyyətə başlayıb

Bakıda Beynəlxalq Turizm Sərgisi fəaliyyətə başlayıb. Bakı sakinləri sərgiyə gələrək turizm şirkətləri, onların fəaliyyəti barədə məlumat ala bilərlər. Daha çox Azərbaycan şirkətlərinin təmsil olunduğu sərgi 13-cü dəfədir ki, Bakıda keçirilir. 

 

APA TV-nin xəbərinə görə, üç gün davam edəcək sərgidə dünyanın 38 ölkəsindən 351 şirkət eksklüziv turizm təklifləri ilə iştirak edir. Sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sərginin Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və bu, Azərbaycanda turizm sahəsinin inkişaf etməsinin bariz nümunəsidir.

 

“Biz çox məmnunuq ki, bu sərgi Azərbaycanda keçirilir. Sərginin ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən diqqətin bariz nümunəsidir. Azərbaycanda turizm sahəsi sürətlə inkişaf edir və biz bu sahədə böyük nailiyyətlər qazanmışıq. Sərgidə iştirak edən turizm şirkətlərinə təşəkkür edirəm ki, Azərbaycana təşrif gətiriblər. Ümidvaram ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək və səmərəli iş birliyinə səbəb olacaq”.

 

Sərginin açılış mərasimində BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai də iştirak edib. O bildirib ki, bu gün prezident İlham Əliyevlə görüşərək turizmin inkişafı, qarşılıqlı əməkdaşlığın genişlənməsi haqqında fikir mübadiləsi aparıb.

 

Sərgidə milli stendlərin fəal iştirakı ilə yanaşı, Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Stavropol Vilayəti, Tailand, Türkiyə, Soçi, Fransa, Çernoqoriya və Çexiyadan 24 milli və regional qrup iştirak edir.

 

Qeyd edək ki, sərgidə xarici iştirakçılar Azərbaycan bazarı üçün hazırlanmış eksklüziv turizm təkliflərini təqdim edirlər.

 

Müəllif | Apa.Tv