"Lotu Quli"nin qətl törətmiş qohumu yaxalanıb

Rusiyada kriminal avtoriteti qətlə yetirməkdə şübhəli bilinən 42 yaşlı azərbaycanlı həbs olunub. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, "Albert Rıjıy" ləqəbli sankt-peterburqlu kriminal avtoritet Əli Heydərovun qətlində şübhəli bilinərək, axtarışa verilən İlham Hacıyev paytaxt polisinin keçirdiyi əməliyyat nəticəsində yaşadığı mənzildə saxlanılıb.

 

Əməliyyat zamanı kriminal aləmdə "Hamlet" adı ilə tanınan İlham Hacıyevin yaralandığı məlum olub. O, mənzilinin eyvanından qaçmaq istəyərkən polis əməkdaşlarına müqavimət göstərib. Bu zaman polis əməkdaşları travmatik silahdan İlham Hacıyevə atəş açıblar.

 

Əli Heydərov martın 18-də Sankt-Peterburqda qətlə yetirilib. Bu qətl kriminal aləmdə "qanuni oğru"lar arasında 2010-cu ildə başlanan savaşın davamı sayılır. Əli Heydərovun qətlini məşhur kriminal avtoritet, 2013-cü ilin yanvarında qətlə yetirilən "Ded Xasan" yaxınlığı ilə əlaqələndirirlər. “Albert Rıjıy” ləqəbli Əli Heydərov Şimal-Qərbi Rusiyada "Ded Xasan"ın maraqlarını müdafiə edirmiş. Bu səbəbdən onun "Ded Xasan"ın düşmənləri ilə konflikt yaşadığı bildirilir.

 

Əli Heydərovun qətlində şübhəli bilinən İlham Hacıyevin isə hazırda Türkiyədə gizlənən qanuni oğru Namiq Səlifov və onun qardaşı, uzun müddətdir, Azərbaycanda həbsdə saxlanılan “Lotu Quli” ləqəbli  “qanuni oğru”  Nadir Səlifovun qohumu olduğu bildirilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı