Azərbaycanlı həbsxana rəisinin adı "Maqnitski siyahısı"na salınıb

Avropa Parlamentinin 32 Rusiya vətəndaşının adının daxil etdiyi "Maqnitski siyahısı"nda azərbaycanlının da adı var. APA TV-nin xəbərinə görə, bu, Rusiyadakı məşhur "Matrosskaya tişina" istintaq təcridxanasının rəisi Fikrət Tağıyevdir. Bu siyahıya əsasən, adıçəkilən şəxslərin Avropa Birliyi ərazisinə girməyi qadağan edilir və onların bank hesabları dondurulur. Siyahını Avropa Parlamentinin xarici məsələlər üzrə komitəsi tərtib edib. Bu sənədlə avropalı deputatlar Avropa Birliyi Şurasından rusiyalı vəkil Sergey Maqnitskinin ölümündə məsuliyyətli olan Rusiya vətəndaşlarının hesablarını dondurmağı və onlara viza verilməsini dayandırmağı tələb edirlər. Siyahıdakı 16 nəfər artıq ABŞ-ın sanksiya siyahısına da daxil edilib.

 

Siyahıda Moskva şəhər məhkəməsinin sədri Oleq Eqorov, hakim İqor Alisov, dövlət ittihamçısı Mixail Rezniçenko, "Butırski" istintaq təcridxanasının keçmiş rəisi Dmitri Komnov, "Matrosskaya tişina" istintaq təcridxanasının Maqnitski orada olan zaman həkim-cərrah vəzifəsini icra edən Aleksandra Qausun da adı var. Avropa Parlamentinin qərarı tövsiyə xarakteri daşıyır. Yekun qərar Avropa Birliyi Şurası tərəfindən veriləcək.

 

Qeyd edək ki, milliyətcə azərbaycanlı olan Fikrət Tağıyevin adının bu siyahıya daxil ediləcəyi proqnozlaşdırılırdı. 2010-cu ildə onun ölümündən sonra istintaq təcridxanasında bir sıra istefalar və araşdırmalar başlamışdı. Hətta baş nazir Dmitri Medvedyevin onu istefaya göndərdiyi deyilirdi. Lakin sonradan bu xəbər öz təsdiqini tapmadı. 

Müəllif | Apa.Tv