Bakıda Twininq layihəsinə start verildi

Bakıda “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” adlı Twininq layihəsinin təqdimat mərasimi keçirilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib ki, bu layihə Avropa İttifaqı (Aİ) ilə birgə həyata keçirilir. Layihənin əsas məqsədi standartlaşdırma və texniki tənzimləmə sisteminin təkmilləşdirilməsidir. Layihənin keyfiyyət infrastrukturu sahəsində texniki komitələrin fəaliyyətinin genişləndirilməsi və onların beynəlxalq təşkilatların işinə daha yaxından cəlb olunması, dövlət standartlar fondu əsasında məlumat bazasının yaradılması və standartların online satış sisteminin yaradılması kimi komponentləri var.

 

APA TV-nin xəbərinə görə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard təmsil etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirildiyini deyib. O deyib ki, bu günə qədər  26 müxtəlif Tvininq layihəsi təsdiq olunub və bunun üçün Avropa İttifaqı Azərbaycanda 45 milyon dollar ayırıb. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, Avropa Komissiyasının Sənaye və Müəssisə Baş Direktorluğunun müşaviri Norbert Anselman layihənin icrası istiqamətində beynəlxalq əməkdaşlıq haqqında fikirlərini bölüşüblər.

 

Aİ və SMPDK-nin birgə icrasına başladıqları Twininq layihəsi Böyük Britaniya, Fransa və Sloveniya ilə əməkdaşlıq çərçivəsində icra olunacaq.

 

Müəllif | Apa.Tv