Babasının adını daşıyan küçədə baş verən yanğınla üzə çıxan gerçək - həyat hekayəti

"Keçən dəfə bu ünvana başqa məqsəd üçün gəlmişdik. Yanğına görə burda idik. Həyətdə çoxlu zibilin olması, yanğının da bu səbəbdən baş verməsi deyilmişdi. Hətta ev sahibinin tüfeyli həyat tərzi keçirdiyini də bildirmişdilər. Həmin o adamdan - Üzeyir Mirzəyevdən danışacağıq".

 

İlk gəlişimizdə bizi aqresiya ilə qarşılamışdı. Nə də olsa, illərdir qoruyub-saxladığı əşyaları və balaca koması yanırdı.

Növbəti gəlişimidə bizi çox yaxşı qarşılayıb evinə dəvət elədi. Həyətində qalaqlanmış zibillər və onun öz görkəmi haqqında başqa cür düşünməyə əsas versə də, həqiqət belə deyil.

1957-ci ildə Keşlədə doğulub. Orada orta məktəbi bitirib və texnikuma daxil olub. Atası Rzabala Mirzəyev uzun müddət neft daşlarında rəis işləyib. Daha sonra isə həmin texnikumunda müəllim olub. Anası da Keşlədə 50 il müəllim, sonra isə məktəb direktoru  işləyib. Babası Balarazi Mirzeyev isə inqilabçı olub. Yaşadığı küçəyə babasının adı verilib. Qəhrəmanımız 1991-ci ildə erməni terrorunun qurbanı olmuş jurnalist Osman Mirzəyevin əmisi nəvəsidir. O, uşaqlığı ilə bağlı APA TV-yə bunları deyir: "5 yaşımda olanda məni maşn vurdu. Sürücü sərxoş olsa da, məni xəstəxanaya çatdırmışdı. Hamı öləcəyimi gözləyirmiş, möcüzə nəticəsində sağ qaldım".

 

29 yaşında sevdiyi qadınla ailə qurub. Bu evlilikdən bir oğlu olub. Oğlu da böyüyüb, ailə-uşaq sahibi olub. Amma Üzeyir Mirzəyev ailə üzvlərinin onun yanına gəlməsini istəmir. Deyir, təklik çətin olsa da, artıq buna alışıb. İnsanlara kin-küdurət bəsləməsə də, nifrətini gizlətmir.

Ona müəllim deyə müraciət etməyimizi istəmir. Deyir, gərək adam hər zaman sadə olsun.

Müsahibimiz həyətdə qalaqlanan zibillərdən pul qazandığını deyir. Bununla birtəhər keçinməyə çalışır. Deyir ki, pulu içkiyə ya da başqa gərəksiz şeylərə xərcləmir.Kitab və yə film diskləri alır.

Arzusu yazdığı krasvordları, hekayələri çap etdirib, bundan qazanc əldə etməkdir. Oxuduğu isə daha çox satiradır. Deyir, çap olunmayan 100-dən çox satirik hekayə yazıb. Satirik şairlərdən isə daha çox Sabiri oxuyur: "1990-cı ildə mənim iki kitabim çap olundu, biri rus, biri Azərbaycan dilində. O kitablardan 2 manat 30 qəpik qazandım".

 

Bir müddət öncə xəstəliyi ilə bağlı huşunu itirərək yıxılıb və ayağını zədələyib. Bu barədə çox danışmaq istəmir, yenə filmlərdən kitablardan söz açmağa başlayır. Həyatını filmə bənzədir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova