Ermənistanın baş naziri istefa verib

Ermənistanın baş naziri Tiqran Sarkisyan istefa verib. APA TV-nin məlumatına görə, bu barədə məlumatı ötən axşam Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov verib. O, ölkənin hakim Respublika Partiyasının rəhbər orqanının toplantısı barədə danışarkən bildirib ki, partiya Tiqran Sarkisyanın istefasını qəbul edib. Eduard Şarmazanov onu da deyib ki, Tiqran Sarkisyan istefa ərizəsini bir ay əvvəl yazıb. Lakin Konstitusiya Məhkəməsində icbari pensiya sistemi ilə bağlı dinləmələr keçirildiyindən, prezident Serj Sarkisyan baş nazirdən gözləməyi xahiş edib.

 

Tiqran Sarkisyan özünün Facebook akkauntunda istefa ərizəsini fevral ayından yazdığını təsdiqləyib: "Bu, yetişmiş və dərindən düşünülmüş qərar idi. İstefanı bir sıra vacib dövlət tədbirləri başa çatanadək təxirə salmağı qərara almışdıq".

 

Tiqran Sarkisyan Ermənistan hökumətinə 2008-ci ilin aprelindən rəhbərlik edirdi.

 

Qeyd edək ki, Ermənistanda bu il yanvarın 1-dən qüvvəyə minən icbari toplanan pensiya sistemi əhalinin etiraz dalğası ilə qarşılanıb. Yeni sistem 1974-cü il yanvarın 1-dən sonra anadan olan Ermənistan vətəndaşlarının hamısına şamil edilib. Qanuna görə, işləyən hər bir vətəndaş özünün toplanan pensiya kapitalına maaşının 5 faizini köçürməlidir. Ermənistanda yeni sistemə qarşı keçirilən etiraz aksiyalarının iştirakçıları bəyan edirlər ki, maaşlarının 5 faizini hökumətə etibar etmək istəmirlər. Çünki pensiya yaşına çatanda bu pulu geri ala biləcəklərinə inanmırlar.

 

Müəllif | Apa.Tv