Maşın körpüdən çaya düşdü: Ailənin 1 üzvü öldü, 4 üzvü yaralandı

Şəkidə bir ailənin üzvləri ağır yol qəzasına uğrayıblar. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. APA TV-nin xəbərinə görə, hadisə Şəki-Qax yolunun İnci kəndi ərazisindən keçən hissəsində baş verib. "VAZ-21011" markalı avtomobil Qax istiqamətində hərəkətdə olarkən, sürücü idarəetməni itirib və maşın Şin çayı üzərindəki körpüdən aşağı düşüb.

 

Qəza nəticəsində avtomobilin sürücüsü Şəkinin Kiş kənd sakini, 49 yaşlı Şirinov Məmməd Atamalı oğlu hadisə yerində ölüb. Sürücünün həyat yoldaşı, 44 yaşlı Şirinova Bahar İdris qızı, onların övladları - 22 yaşlı Şirinov Namiq Məmməd oğlu, 21 yaşlı Şirinov Hümmət Məmməd oğlu və 14 yaşlı Şirinova Cəlalə Məmməd qızı xəsarət alıblar.

 

Şirinov Hümmət Məmməd oğlu və Şirinova Cəlalə Məmməd qızının vəziyyəti ağır olduğundan onlar Şəki Mərkəzi Rayon xəstəxanasının reanimasiya şöbəsinə, digər yaralılar isə travmatologiya şöbəsinə yerləşdiriliblər.

 

Vəziyyəti daha ağır olan 14 yaşlı Şirinova Cəlalə Məmməd qızı Bakıdakı xəstəxanalardan birinə gətirilib.

 

Qəza ilə bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov