Bakıda cinayətkar dəstənin biri hərbçi olmaqla 3 üzvü tutuldu

Suraxanı rayon polis idarəsi və 31 -ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat zamanı martın 4-də Yeni Ramana qəsəbəsində yaşayan Çingiz Məmmədova məxsus həyət evinə basqın edən mütəşəkkil dəstənin daha 3 üzvü zərərsizləşdirib. Bunlar  24 yaşlı Ağayev Rəşad Mahir oğlu, 32 yaşlı Lənkəran şəhər sakini Cavid Miriyev və hərbçi olduğundan adı açıqlanmayan şəxsdir. Onlar zərəsizləşdirilən zaman silahlı olublar.

Həmin şəxslər Suraxanıda Çingiz Məmmədovun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Məmmədova Elmira İkram qızına hədə-qorxu gəliblər, istədikləri pulu verməyəcəyi təqdirdə ailə üzvlərini öldürəcəklərini deyiblər. Sonda evdəki 16 min manatı zorla alıblar.

Qeyd edək ki, bir müddət əvvəl dəstə üzvlərindən Rauf Rəhimov, Balakən rayon sakini Təvəkkül Seyidov, Lənkəran şəhər sakini Rauf Mahmudov, Bakı şəhər sakinləri Tacəddin Qafarov, Kənan Alıyev və Tural Əsgərov tutulublar. Dəstə üzvləri Salyan rayonu Qaraçala kənd sakini əvvəllər məhkum olunmuş Aydın Xəlilovun sifarişlə qətlə yetirməkdə və digər anoloji ağır cinayətləri törətməkdə təqsirli bilinirlər.

APA TV-nin xəbərinə görə, DİN-in yaydığı məlumatda A.Xəlilovun qətlini rayon sakini Şahin Niftəliyevin sifariş etdiyi bildirilir. Məlumatda qətli əvvəllər məhkum olunmuş Fuad Rəhimov, Tacəddin Qafarov, Təvəkkül Seyidovun törətdiyi qeyd olunub.

 

Müəllif | Apa.Tv