Nazir müavini: "Azərbaycanlı tələbələr Fransa universitetlərinə maraq göstərir"

ADA Universitetində 2-ci Azərbaycan-Fransa Universitetlərarası Forum başlayıb. APA TV-nin xəbərinə görə, Forumda çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bu günə kimi 2612 nəfər azərbaycanlı gəncin dünyanın qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq hüququ qazandığını deyib. O, xaricdə təhsil almış tələbələrin dövlət strukturları və özəl müəssisələrdə fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, azərbaycanlı tələbələrin Fransa ali təhsil müəssisələrinə marağı yüksəkdir: Azərbaycanda 2007-ci ildən etibarən xaricdə təhsil üzrə dövlət proqramı uğurla həyata keçirilir. Həmin dövlət proqramına dünyanın 544 qabaqcıl universitetləri daxil edilib. Həmin siyahıda 37 Fransa universiteti var".

 

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Fransa ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndiyini deyib. Onun sözlərinə görə, birgə çalışmaq üçün əlimizdə böyük imkanlar var. Səfir Fransaya gedən azərbaycanlı tələbələrin həqiqətən yüksək biliklər əldə etdiyini vurğulayıb.

Fransa Universitetlərinin təqdimatından sonra ADA Universiteti və Fransanın

IESEG menecment institutu arasında anlaşma Memorandumu imzalanıb. 

Müəllif | Apa.Tv