Sabah Əfqanıstanda prezident seçkisi keçiriləcək

Aprelin 5-də Əfqanıstanda prezident seçkiləri keçiriləcək. Konstitusiyaya əsasən, Əfqanıstan prezidenti Həmid Karzayi iki dəfə prezident seçildiyi üçün üçüncü dəfə namizədliyini irəli sürə bilməz. Seçkilərdə səkkiz namizəd prezidentlik kürsüsü uğrunda mübarizə aparacaq. Namizədlərin təbliğat kampaniyası başa çatıb.

 

Gedişatına 325 min yerli və xarici müşahidəçinin nəzarət edəcəyi deyilən seçkilərdə 2009-cu ildə namizədliyini irəli sürmüş Abdullah Abdullah, ölkənin sabiq maliyyə naziri Əşrəg Qəni və sabiq xarici işlər naziri Zəlmay Rəsulun daha çox şanslı olduqları bildirilir.

 

Səslərin yarıdan çoxunu əldə edən namizəd qalib hesab olunacaq. Bu qədər səs toplayan olmasa, seçkilərin ikinci mərhələsi keçiriləcək.

 

APA TV-nin xəbərinə görə, Əfqanıstan rəsmiləri seçkinin təhlükəsizliyinin təmin edilməsi üçün 400 mindən artıq polis, təhlükəsizlik və ordu qüvvələrinin səfərbər ediləcəyini bildiriblər.

 

Ekspertlərin fikrincə, "Taliban" üzvlərinin seçki məntəqələrinə hücumla bağlı xəbərdarlıqları və ölkənin ABŞ-la təhlükəsizlik müqaviləsini imzalamaması seçkilərin gedişatına və nəticələrinə təsir edəcək əsas iki amil ola bilər.

 

Qeyd edək ki, bu il beynəlxalq koalisiya qüvvələrinin də Əfqanıstandan çıxması planlaşdırılır.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı