Böyük şor gölünün ətrafında magistiral yol çəkiləcək

Abşeron yarımadasında 9 çirklənmiş gölün bərpası üzrə işlər tamamilə dövlət vəsaitləri hesabına həyata keçiriləcək. APA TV-nin xəbərinə görə, "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib ki, layihə Böyük Şor, Binəqədi qəsəbəsində idman kompleksinin yanındakı Xocasən göllərini, Lökbatanda yerləşən Puta, eləcə də Qu gölü, Zabrat, Bülbülə və Zığ göllərini əhatə edir: "Göllərdə monitorinqlər və tədqiqatlar aparılıb. Göllərin geoloji və hidroloji məqamları araşdırılaraq suyundan, lilindən analizlər götürülüb. Ölkəmizdə, eləcə də xarici dövlətlərin laboratoriyasında müayinə edilib".  

 

Bəzi göllərdə vəziyyətin ağır olduğunu deyən Zakir İbrahimov bildirib ki, yarımadada daha çox çirklənməyə məruz qalan Zığ gölüdür. Lakin ilk olaraq, 1060 hektar ərazini əhatə edən Abşeron yarımadasının ən böyük gölü olan Böyük Şor gölü bərpa edilir. Gölün ekoloji bərpası ilə əlaqədar layihə iki mərhələdə həyata keçiriləcək: "Layihə çərçivəsində ərazinin qərb sahili boyunca bənd tikiləcək və bu bənd yaxın gələcəkdə altıxətli, ikitərəfli və birinci dərəcəli magistral yol kimi xidmət göstərəcək. Bu yol bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşdiriləcək və şəhər yol infrastrukturuna düşən yükü azaldacaq. Göl hissəsindəki yolun ümumi uzunluğu 1570 metr təşkil edəcək".

 

Bənd formasında inşa olunacaq bu yol həm də 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarınadək gölün təmizlənəcək şərq hissəsini təcrid edəcək.

 

Müəllif | Apa.Tv