Səfir: "Fransa prezidentinin Azərbaycana səfərinin böyük siyasi əhəmiyyəti var"

Fransa prezidenti Fransua Ollandın may ayında Azərbaycana səfəri zamanı iki ölkə arasında bir sıra sənədlər imzalanacaq. APA TV-nin xəbərinə görə, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye məlumat verib. O bildirib ki, hazırda həmin müqavilələr üzərində iş aparılır. Səfir Fransanın sənaye, nəqliyyat, informasiya texnologiyaları sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb, əlavə edib ki, səfər çərçivəsində Fransa-Azərbaycan biznes-forumu keçiriləcək: “Azərbaycan şirkətləri ilə əməkdaşlıq qurmaq niyyətindəyik. Bununla bağlı Azərbaycanda bir neçə nazirlə müzakirə aparmışıq. Bundan əlavə, kənd təsərrüfatı, nəqliyyat sahəsi üzrə dəyirmi masa təşkil etmək istəyirik. Fransa kənd təsərrüfatı ölkəsidir. Kənd təsərrüfatı bir növ “yaşıl neft” hesab olunur və bu, Azərbaycanın gələcəyi üçün çox vacibdir. Nəqliyyat sahəsinə gəlincə, bizim metro, dəmiryolu sahəsi üzrə bir sıra layihələrimiz var. Ətraf mühit, su texnologiyaları üzrə də müzakirələrin aparılması planlaşdırılır. Biz istəyirik ki, Azərbaycanda əhali Avropa standartlarına uyğun 24 saat ərzində su ilə təmin olunsun. Bu məqsədə nail olmaq üçün “Azərsu”nu əməkdaşlığa cəlb edəcəyik".

 

Paskal Mönyenin sözlərinə görə, Fransa prezidenti Fransua Ollandın gələn ay Azərbaycana gözlənilən rəsmi səfərinin böyük siyasi əhəmiyyəti var: "Səfərin əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verməkdir. Bu münaqişənin həlli hər iki tərəf üçün böyük imkanlar açacaq. İkinci məqsəd isə onu göstərməkdir ki, bu region suveren bir regiondur, hansı ki, öz gələcəyini özü təyin edə bilər. Biz region ölkələri arasında sülhün, dostluğun olmasının tərəfdarıyıq".

Qeyd edək ki, F. Ollandın mayın 11-12-də Azərbaycana səfəri planlaşdırılır.

 

Müəllif | Apa.Tv