Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq qərargah rəisi tutuldu

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq qərargah rəisi Yunus Məmmədov həbs edilib. Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə,  o, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Yunus Məmmədovun həbsi xəbərini APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.  

 

Bir neçə gün əvvəl Azərbaycan Hərbi Dəniz Qüvvələrində Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalara başlanılıb. Yoxlamalar qurumun son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanov komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.

 

Eyni zamanda Hərbi Dəniz Qüvvələrinin 6 hərbi qulluqçusu saxlanılıb.

 

Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv