Siyavuş Novruzov: "Biri qıcıq yaradır, o biri Krıma gedir..."

"Krım məsələsində bütün siyasi partiyalar ölkənin xarici siyasət kursunda vahid bir platformanı müdafiə etmə xəttini götürməlidir".

APA TV-nin xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, hazırda çox təhlükəli vəziyyətdir və bütün partiyalar bunu nəzərə almalıdır.

Millət vəkili Siyavuş Novruzov bildirib ki, YAP-ın məsələyə mövqeyi aydındır: " Təəssüf ki, başqa partiyalar burada dəstək göstərmək əvəzinə, bir qrupu Azərbaycanın MDB-dən çıxmasını təklif edərək, qıcıq yaradır. Digər qrupu Rusiyanın həmsədrlikdən kənarlaşdırılmasını ortaya atır. Başqa dəstə Krıma gedir. Əgər siyasi partiyalar belə dəstək vermək istəyirsə, hər biri öz bəyanatı ilə çıxış edə bilər".

Deputat Siyavuş Novruzov ilə həmfikir olduğunu deyən spiker Oqtay Əsədov isə bildirib ki, rəsmi Bakı bütün dövlətlərin ərazi bütövlüyünü tanıyır. O qeyd edib ki, artıq Azərbaycan prezidenti və Xarici İşlər Nazirliyi Krımla bağlı öz rəsmi mövqeyini bildirib.

 

Müəllif | Apa.Tv