MDB XİN başçıları Moskvada toplaşıblar

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. APA TV-nin Moskva müxbirinin məlumatına görə, əvvəl nazirlərin məhdud çərçivədə, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da qatıldığı görüşdə müzakirə olunan məsələlərdən danışıb. Qeyd olunub ki, görüşdə MDB-də, Ukraynada baş verən son proseslər müzakirə olunub.

Daha sonra bu ildən MDB Xarici İşlər Nazirləri Şurasına sədrlik edəcək Belarusun xarici işlər naziri Vladimir Makey çıxış edib. O, Belarusun sədrliyi dövründə qarşıda duran prioritet məsələlərdən danışıb. Daha sonra Sergey Lavrov, MDB-nin icra katibi Sergey Lebedev və Vladimir Makeyin birgə brifinqi keçirilib.

Qeyd edək ki, 2014-cü ildə MDB Xarici İşlər Nazirləri Şurasına Ukrayna sədrlik etməli idi. Lakin Kiyev sədrlikdən imtina edib. Bu səbəbdən 2013-cü ildə Şuraya sədrlik etmiş Belarus 2014-də də sədrliyi davam etdirəcək.

 

Müəllif | Apa.Tv
Fərid Əkbərov