100 əlilə avtomobil verildi

Aprelin 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 100 nəfər əlilə “Naz-Lifan” markalı minik avtomobillərinin açar və sənədlərini təqdim edib.

 

APA TV-nin xəbərinə görə, nazir müavini Natiq Məmmədov deyib ki, may ayının sonlarınadək 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar hadisəsi zamanı əlil olmuş şəxslər dövlət tərəfindən avtomobillə təmin ediləcək. 2014-cü ilin sonuna qədər 873 nəfər Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan bütün əlillərin hamısına avtomobil veriləcək. Bu, yalnız tibbi göstərişi olan və növbəyə duran şəxslərə aiddir.

 

Hazırda təqdim olunan avtomobillər də daxil olmaqla indiyədək müharibə əlillərinə 3 906 ədəd minik avtomobili verilib.

 

Əlil və şəhid ailələrinə mənzillərin, həmçinin əlillərə avtomobillərin verilməsində şəffaflığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə mənzil və avtomobil alanların, eyni zamanda mənzil və avtomobillə təmin edilmək üçün növbədə dayananların siyahıları nazirliyin rəsmi internet saytının ön səhifəsində ictimaiyyətə təqdim edilir.

 

Müəllif | Apa.Tv