Nikahdan kənar doğulan uşaqların sayının artması hansı problemləri yaradır?

Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınların dünyaya gətirdiyi uşaqların sayı artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 1990-cı ildə rəsmən ər-arvad hesab olunmayanların izdivacından doğulan uşaqların sayı 4800 nəfər idisə, 2007-ci ildə bu rəqəm 17 873-ə çatıb. Özü də həmin uşaqların 4696-ı yalnız ananın ərizəsi əsasında qeydə alınıb. 2012-ci ildə belə uşaqların sayı ölkədə doğulan bütün uşaqların 15,5 faizini təşkil edib və onların sayı 27 031-ə çatıb. Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2004-cü ildən sonra artmağa başlayıb.

 

Milli məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli APA TV-yə deyib ki, müstəqillik dövründə millli adət-ənənələrimizin xeyli zəifləməsi nəticəsində rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ən böyük probleminə çevrilib: "Çoxlu sayda azərbaycanlı Rusiya qeydiyyatındadır. Onlar orda ailəli ola-ola gəlib burda azərbaycanlı qızlarla ailə qururlar, amma rəsmi nikah bağlamırlar.. Bu da uşaqların qeydiyyatında ciddi problemlər yaradır. Digər bir səbəb də nikaha yaşlarının tam uyğun gəlməməsidir. Ailə qururlar, nikaha yaşları düşmür, sonra isə qeydiyyata düşmürlər".

 

Hadı Rəcəbli bunun səbəbini Azərbaycan cəmiyyətinin hələ belə hallara hazır olmamasında görür: "Qərbə nə qədər sürətlə inteqrasiya etsək də, hələlik Azərbaycan cəmiyyətinin belə həssas məsələlərə münasibəti fərqlidir. Yəni vətəndaş nikahı bizdə qəbul edilmir. Bundan əlavə bir sıra bölgələrdə qızlar nikah yaşı çatmamış ərə verildiyi üçün rəsmi nikah ancaq uşaq doğulandan sonra, ona doğum haqqında şəhadətnamə almaq lazım gələndə yada düşür. Təssəvür edin, kənd məktəbində elə şagirdlər var ki, 11 sinfdə oxuyurlar, doğum şəhadətnaməsi yoxdur. Elə uşaqlar var ki, orduya çağrılır, amma sənədləri düz deyil".

 

Adətən, bu duruma düşən qadınların üz tutduqları birinci ünvan isə Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi olur. Komitənin baş məsləhətçisi Aynur Veysəlova deyir ki, son 8 ildə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı 200 minə yaxınlaşır: "Əgər 2011-cü ildə 176 mindən çox uşadan 30 mini rəsmi qeydə alınmamış  nikahdan doğulan uşaqlardı. Amma 19 min uşaq həmin hər iki valideynin müraciəti əsasında rəsmiləşdirlib. Bu gün komitənin də əsas iş istiqamətlərindən biri də budur ki, ailə qurularkən münasibətlər rəsmiləşdirlsin ki, sonrada bu kimi problemlər yaranmasın".

 

Aynur Veysəlova bu durumdan çıxış yolunu əhali arasında rəsmi nikahın təbliğ olunmasında görür: "Rəsmi sənədləşmə təkcə boşanma halları üçün gərəkli deyil. Bütövlükdə insanların yaşamı, dövlət qanunlarından, onlara verilən hüquqlardan istifadə etsinlər".

 

Mütəxxəsislərin fikrincə, ata uşağın anası ilə rəsmi nikahda olmadıqda belə, öz övladı qarşısında nikahda olan valideynlər kimi məsuliyyət daşımalı, ona aliment verməlidir. Hazırda Ailə Məcəlləsinə sözügedən məsələ ilə bağlı dəyişiklik oluna biləcəyini də istisna edilmir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı