Azərbaycan prezidenti və Türkiyənin baş nazirinə “nurçular”la bağlı suallar verildi

Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan Bakıya gəlib. Onu səfərdə baş nazirin müavini Bəşir Atalay, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, milli müdafiə naziri İsmət Yılmaz və digər şəxslər müşayiət edir.

 

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Dövlət başçısı Ərdoğanı Prezident Sarayının qapısında qarşılayıb.

 

Prezident və baş nazir nahar vaxtı təkbətək görüşüblər. Mətbuata qapalı keçirilən təkbətək və geniş tərkibli görüşlərin ardından prezident və baş nazir mətbuat konfransı keçiriblər.

 

Baş nazir deyib ki, ölkəsinin Dağlıq Qarabağ məsələsində mövqeyi dəyişməyəcək.

 

Ərdoğan deyib ki, Trans Anadolu Təbii Qaz Boru Kəməri layihəsi Türkiyə və Azərbaycan arasında qardaşlığı gücləndirəcək.

 

TANAP-ın təməlinin nə vaxt atılacağı ilə bağlı sualı cavablandıran Ərdoğan hazırda layihə ilə bağlı Türkiyədə “kamulaştırma” (torpaq sahələrinin dövlət ehtiyacı üçün fiziki və ya hüquqi şəxslərdən satın alınması) prosesinin davam etdiyini söyləyib. 

 

Azərbaycan prezidenti İlham Əliyev isə TANAP-ın Azərbaycan və Türkiyənin birgə layihəsi olduğunu vurğulayıb.

 

"Hər şey cədvəl üzrə gedir, hesab edirəm ki, 2018-ci ildə əziz qardaşımla birlikdə bu layihənin açılışını edəcəyik” - deyə azərbaycan prezidenti bildirib. Azərbaycan prezidenti və Türkiyənin baş nazirinə türkiyəli jurnalist “nurçular”la bağlı yaranmış problemə dair sual ünvanlayıb.

 

“Əl-Cəzirə - Türkiyə”nin müxbiri Ərdoğandan İ. Əliyevlə görüşdə nurçuların Azərbaycandakı təhsil ocaqlarının bağlanması məsələsini qaldırıb-qaldırmadığını soruşub.

 

Ərdoğan Türkiyənin baş naziri bildirib ki, Türkiyədə keçirilən hər seçkidən sonra ilk səfərini Azərbaycana edir: “Təbii ki, bu səfərlər zamanı ölkələrimizdə hər hansı problem, bizi narahat edən hər hansı sıxıntı varsa, bunu aramızda müzakirə edirik”.

 

Jurnalist Azərbaycanda nurçularla əlaqəsi olan bəzi vəzifəli şəxslərin işdən uzaqlaşdırılması barədə xəbərləri xatırladaraq, prezident İlham Əliyevin bu məsələyə münasibətini öyrənmək istəyib.

 

Azərbaycan prezidenti suala cavab olaraq, bunları deyib: “Əsas məsələ budur ki, biz bütün sahələrdə həmfikirik. Bizə zərrə qədər zərər verən məsələləri qəbul etmirik. Buna imkan vermirik və verməyəcəyik".

 

Azərbaycan İctimai Televiziyasının əməkdaşı R.T.Ərdoğana “bəzi kütləvi informasiya vasitələrinin xəbərlərinə görə, sizin partiyanın “nurçular”la bağlılığı var. “Nurçular”la mübarizə barədə nə deyə bilərsiniz”, şəklində sual ünvanlayıb.

 

Türkiyənin baş naziri cavabında sualın qəribə olduğunu söyləyib: “Bizim yalnız millətlə bağlılığımız var".

 

Baş nazir deyib ki, seçkidə aldıqları 46 faiz nəticə bunu göstərir.

 

Müəllif | Apa.Tv
Apa.tv