Salyan sakini güllələndi

Salyanda çobanlıq edən 17 yaşlı gənc öz tanışını güllələyib. APA TV-nin məlumatına görə, əslən Lənkəran rayonunun Haftoni kəndindən olan, hal-hazırda Salyan rayonunun Qırxçıraq kəndinə məskunlaşaraq çobanlıq edən 17 yaşlı Fazil Fərhad oğlu Məmmədov tanışına ov tüfəngi ilə atəş açıb. Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Dağüstü kəndinin çölündə qoyun otararkən Həsənli kənd sakini Cəfərov Səfa Şirinbəy oğlu tanışı Məmmədov Fazil Fərhad oğlu ilə telefonda danışan zaman aralarında mübahisə yaranıb. Telefonda bir-birilərinin ünvanına söyüş yağdıran gənclərin növbəti görüşü qanlı bitib. Fazil Məmmədov atını minərək babasından qalmış ov tüfəngini götürərək çölə gəlib və mübahisənin davamı olaraq Səfa Cəfərova atəş açmaqla onu sağ baldırından yaralayıb. S. Cəfərov sağ baldırın güllə yarası diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra Sumqayıt Şəhər Xəstəxanasına aparılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı