Qərib Məmmədov: “Əkin və otlaqlarda qanunsuz inşa edilmiş tikililər söküləcək”

Əkin və otlaq xarakterli kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunmuş bütün tikililər söküləcək. APA TV-nin məlumatına görə, bu fikirləri Bərdə şəhərində 9 rayondan olan vətəndaşları qəbul edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələ müvafiq qurumlar tərəfindən araşdırılır. Qanunsuz əməllərə yol verənlərin hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunması da istisna edilmir.

Komitə sədri bildirib ki, müraciətlərin əsas hissəsi icarəyə torpaq sahəsi götürmüş və götürmək istəyən insanlar arasında yaranan anlaşılmazlıqlar, həmçinin torpaq üstündə meydana gələn məişət xarakterli mübahisələrdən ibarətdir.

Torpaq sahələrinin sənədləşdirilməsi məsələsində məsul şəxslərin yol verdiyi qanunsuz əməllərlə özbaşınalıqlarla bağlı ciddi xəbərdarlıq edən komitə sədrinin sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlarda qanunsuz tikililər inşa edən adamlara qarşı ciddi tədbirlər görüləcək.

Komitə sədrinin sözlərinə görə, "Bələdiyyə torpaqlarının idarə edilməsi" və Torpaq bazarı haqqında qanuna dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlanıb. Bu sahədə nəzərə çarpan boşluqlar aradan qaldırıldıqdan sonra vətəndaşların üzləşdikləri bir çox çətinliklər mexaniki olaraq həllini tapacaq.

 

Müəllif | Apa.Tv