Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

Azərbaycan Müdafiə Nazirliyində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, ordu generalı Valeri Gerasimov fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq "Şərəf kitabı"nda ürək sözlərini qeyd edib.

 

Sonra Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib. Geniş tərkibdə keçirilən görüşdə general-polkovnik N.Sadıkov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu problemini qonaqların diqqətinə çatdırıb və zəbt olunan ərazilərin mütləq azad ediləcəyinə əminliyini vurğulayıb.

 

Valeri Gerasimovu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da qəbul edib. Müdafiə naziri iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.

 

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

 

Ordu generalı Valeri Gerasimov da öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

 

Görüşün sonunda müdafiə naziri general-polkovnik Z.Həsənovun əmri ilə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.

 

Müəllif | Apa.Tv