Abşeronda sərnişin avtobusu 2 maşınla toqquşub
Bu gecə Bakının Abşeron rayonunda sərnişin avtobusu iki avtomobilə çırpılıb. APA TV-nin məlumatına görə, hadisə Bakı-Quba yolunun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Niftalı Məmmədov idarə etdiyi "Toyota Prado" markalı minik avtomobili ilə Sumqayıt istiqamətində hərəkətdə olarkən maşını magistral yolun kənarında saxlamaq istəyib. Bu vaxt Taleh Talıbovun idarə etdiyi və 35 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu "Toyota Prado"ya arxadan çırpılıb. Elman Fərəcova məxsus “Kia Pregio” markalı mikroavtobus isə sərnişin avtobusuna dəyib. Nəticədə mikroavtobusda olan iki sərnişin xəsarət alıb və xəstəxanaya aparılıb.
Sürücülər qəzada bir-birilərini günahkar hesab edirlər. Hadisə yerinə gələn yol-patrul xidmətinin əməkdaşları avtomobilləri cərimə meydançasına aparıblar, sürücülər isə ifadə vermək üçün şöbəyə dəvət edilib.
İlkin ehtimallara görə, qəzanın baş verməsinə "Toyoto Prado"nun sürücüsü Niftalı Məmmədovun avtomobili yolun düzgün hissəsində dayandırmaması, arxadan gələn avtomobillərin sürücülərinin isə ara məsafəsi saxlamadığı səbəb olub.
Faktı Binəqədi Rayon Yol Polisi Şöbəsi araşdırır.